"2-3 futbolçu var, onları alsam, komandamız xeyli güclənəcək" MÜSAHİBƏ

17:19 - 21 İyul 2013

Səbahattin Təkin: "Növbəti mövsümdə çempionluğa oynayacağıq"
 
"Qarabağ"ın koordinatoru Səbahattin Təkinin Sportal.az saytına müsahibəsi
 
- Komandada hazırlıqlar necə gedir?
- Məşqlər yaxşı keçir. U-19, U-17, U-16 və əvəzedici heyətdə məşqlərə başlamışıq. Hər şey yaxşı gedir. Hazırda fiziki cəhətdən məşqlərimiz davam edir. İnşallah, bu həftədən sonra toplu məşqlər keçəcəyik. Ayın 2-də çempionat başlayır. Hələ ki, hazırlıqlarda bir problemimiz yoxdu. Hazırda fiziki məşqləri də yekunlaşdırmaq üzrəyik. 
 
- Neçə gündü məşqlərə başlamısız?
- Məşqlərə ayın 8-də başladıq. Amma əvvəlcədən futbolçulara qaçış üzrə proqramlar vermişdik. Onlar ayın 1-də başladı. Çünki qaçış üzrə məşqlərə çox vaxt ayırmaq istəmirik, birbaşa fiziki məşqlərə keçək. Düzdü, ayın 8-də başladıq, amma futbolçulara məşq proqramı verdik ki, onları yerinə yetirsin. Bu səbəbdən sıxıntımız yoxdu. İnşallah, yavaş-yavaş hazırlaşırıq. 
 
- Hər hansı bir yoxlama oyunu keçirməyi nəzərdə tutursuz?
- Yoxlama oyunları keçirməyi fikirləşirik. Təlim-məşq proqramımızdakı ardıcıllıqdan dolayı 3-cü günə qədər oyun keçirməyəcəyik. O vaxta qədər hazırlıqlarımız bitir. Ondan sonra iki yoxlama oyunu keçirəcəyik. Hələ ki, komandaları müəyyənləşdirməmişəm. Bizimlə oynamaq istəyən klublar var. Amma hazırlıq mərhələlərinin bitməsini gözləyirəm. Hazırda təlim-məşq mərhələsini yarımçıq qoyarsaq, problem yaşaya bilərik. 
 
- Bu komandadan nə gözləyirsiz?
- Bildiyiniz ki, keçən mövsüm pley-off oynadıq. Növbəti mövsümdə isə çempionluğa oynayacağıq. Transfer planlarım var. Ala bilsəm, 2-3 futbolçu komandaya gətirəcəm. Görüşəcəyimiz oyunçular var. Vəziyyətlərinə baxacağıq. Onları alarsaq, komandamız xeyli güclənəcək. Bu il birbaşa çempionluğa oynayacağıq. Başqa bir şey fikirləşmirik. Bilirsiz ki, iki futbolçunu əsas komandaya verdik. İkisi də “Qarabağ”ın Avroliqa heyətindədi. Bu il 16-17 yaşlı futbolçularım var. Yaş məhdudiyyətini azaltdım. Bu mövsüm onları oynadacağam. 17, 19 yaşlı futbolçular da çıxış edəcək. U-19-da da yaxşı hazırlaşırıq. Birinci gün məşqlərimiz başlayır. 
 
- Bu komandadan “Qarabağ”ın əsas heyətinə düşə biləcək oyunçular var? Kimləri görürsüz?
- U-17-də oynayan Kamran, kapitan Nurlan, Fuad, Ülvi var. Bu futbolçular komandaya çox yaxındı deyə bilərəm. Qurban Qurbanov da futbolçuların məşqlərini yaxından izləyir. Bizim 40 nəfərlik xususi qrupumuz var. Biz onlarla məşqlərə başladıq. 
 
Şahin Oğuz

Xəbər xətti