"Səfərdə oyunumuz heç cür alınmırdı"
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Marin Orsuliçin Sportal.az saytına müsahibəsi
- “Makkabi” ilə oyunda səfərdə məğlub oldunuz. Oyun haqqında nə deyərdin?
- Biz rəqib komandanın güclü olduğunu bilirdik və oyuna yaxşı hazırlaşmışdıq. Biz qələbə də qazana bilərdik. Amma orada oyunumuz heç alınmadı. Rəqib meydanda bizdən daha üstün oynayıb qalib gəldi. Amma Avroliqa bir oyundan ibarət deyil. Buna görə də heç nə itirilməyib. Biz ikinci oyunda qalib gələ bilərik. İnanıram ki, evdəki oyundan sonra növbəti mərhələyə adlayan tərəf biz olacağıq.
- İlk matçda niyə bu qədər zəif oynadınız?
- Bilmirəm ki, buna səbəb nədir. Rəqib çox yaxşı müdafiə olunurdu. İsraildəki oyunda onlar meydanda bizdən çox üstün görünürdülər. Biz pis komanda deyilik. Sadəcə həmin gün heç cür bizim oyunumuz alınmırdı. “Makkabi”nin gücünə də kölgə salmaq olmaz.
- “Makkabi”nin “Xəzər Lənkəran”dan çox güclü olduğu deyilir. Bu fikirlərlə razısan?
- Düzdü, “Makkabi” “Sliema” ilə müqayisədə çox güclü rəqibdir. Amma biz bu komanda ilə oynaya bilərik. Onları məğlub da edə bilərik. Yəni İsrail komandasını keçmək mümkündür. Bunun üçün biz əlimizdən gələni edəcəyik.
- Komanda inanır ki, qalib gələcək?
- Əlbəttə ki, komandada hər kəs buna inanır. Niyə də olmasın? Bizim şanslarımız tamamilə itməyib. Əgər doğma meydanda öz oyunumnuzu göstərə bilsək və azarkeşlər bbizə lazımınca dəstək versələr, biz İsrail komandasını adlayıb üçüncü mərhələdə oynaya bilərik.
- Ən azından 2 qol vura biləcəksiniz?
- Düşünürəm ki, birinci hissədə qol vura bilsək, işimiz daha asan olacaq. İşimiz o cəhətdən çətindir ki, rəqib komanda 2 top fərqi ilə öndədir. Biz həm müdafiəni, həm də hücumu düşünməliyik.
- “Makkabi” ilə matçdakı oyunun haqqında nə deyərdin?
- Bilirsiz, burda tək öz oyunumdan danışmaq düzgün olmazdı. Biz komanda şəklində meydanda mübarizə aparırdıq. Danışanda bütün komandadan danışmaq lazımdır. Həmin günü ümumiyyətlə komandamız yaxşı oynamadı.
- “Fənərbaxça” ilə oyun haqqında fikirlərini bildirərdin...
- “Fənərbaxça” güclü klubdur və böyük klubdur. Onlar daim ÇL-da və Avroliqada oynayan komandadır. Dünən də biz bunun şahidi olduq.
- “Fənərbaxça” ilə oyun göstərdiki komandada xeyli problemlər var. Əsasən də müdafiə və hücum xəttində. Sən necə düşünürsən?
- Komanda məğlub olursa burda təkcə müdafiə və ya hücum xəttini günahlandırmaq olmaz. Çünki “Xəzər Lənkəran” bütövlükdə bir komandadır. Əgər müdafiə və yarımmüdafiə səhv edirsə, bu bütün komandanın səhvidir. Mənim səhvim, digərin səhvi komandanın bütövlükdə səhvidir.
- Sən necə düşünürsən, komandada yeni futbolçulara ehtiyac var?
- Mən desəm ki, bizdə futbolçuya ehtiyac var. Bu o zaman komandadakı futbolçulara hörmətsizlik olacaq. Ona görə də mənim işim çıxıb futbol oynamaqdır. Qalanı baş məşqçinin və rəhbərliyin işidir.
- Azarkeşlərə növbəti mərhələni söz verirsən?
- Əgər onlar bizi lazımınca dəstəkləsələr, yüz faiz əmin olsunlar ki, biz “Makkabi”ni keçəcəyik.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi