İlqar Qurbanov: "Ən vacibi odur ki, ikinci oyunda da istədiklərimizi həyata keçirə bilək"
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanovun Sportal.az-a müsahibəsi
- İlk oyunda “Pyast”ı çətinliklə də olsa məğlub etdiniz. Bu oyun haqda nə deyərdin?
- Çətin oyun oldu. Rəqib güclü idi. Sona kimi mübarizə apardıq və layiqli qələbə qazandıq. Ən vacibi odur ki, ikinci oyunda da istədiklərimizi həyata keçirə bilək.
- Son vaxtlar ümumiyyətlə meydanda görsənmirsən. Bu nə ilə bağlıdır?
- Bu baş məşqçinin qərarıdı. Onun fikirlərinə hörmətlə yanaşıram.
- Bu gün Çempionlar Liqasının təsnifat mərhələsində “Neftçi” “Skenderbeu” ilə oynayır. Bu oyun barəsində nə deyə bilərsən?
- Mən düşünürdüm ki, “Neftçi” bu oyunun taleyini Bakıda həll edər, amma növbəti mərhələ şanslarını Albaniyaya apardı. Mən inanıram ki, “Neftçi” orada inamlı qələbə qazanıb bu mərhələni keçəcək.
- Bəs “Xəzər Lənkəran” və “İnter” haqda nə deyə bilərsən?
- İkisi də səfərdə eyni hesabla məğlub olublar, amma bu heç nəyi həll etmir. Hər şey ola bilər. Onlara da uğurlar arzu edirəm. İnşallah bütün klublarımız bu mərhələni keçib xalqımızı sevindirər.
- “Qarabağ”ın yeni transferləri səncə necədi? Sizə kömək edə biləcəklər?
- Biz bütün diqqətimizi Avroliqanın oyunlarına yönəltmişik. Yeni transferlərimiz isə yaxşı transferlərdi. Hesab edirəm ki, gələn mövsüm bizə xeyir verə bilərlər. Biz də çalışacağıq ki, həm Avroliqada, həm də ölkə çempionatında hədəflədiyimiz yerdə olaq.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi