"Arada gülümsəyin, cənablar..."
Bilmirəm kim deyib, amma yaxşı deyib ki, “qar dənələri təbiətdə ən incə şeylərdəndir, lakin birləşdikdə görün nələr edə bilirlər”.
Bəli dünən günlərdən “Qarabağ” günü idi. Dünən böyüklü-kiçikli, qadınlı-kişili, cavanlı-qocalı, futbolu sevən və sevməyən hamı qarabağlı idi. Buna sevinməmək, bunu yaxşı hal kimi dəyərləndirməmək üçün insanın normal, insani duyğulardan məhrum olması lazımdır.
Bütün olumsuzluqlara, yalana, riyakarlığa, ayrıseçkiliyə, ədavətə, bir-birimizə qarşı içimizi gəmirəm paxıllığa rəğmən yenə də “Biz gözəl, yaxşı xalqıq” deməyi bacarmaqdır vətəni sevmək.
Çünki bu saydıqlarımla yanaşı həm də yaxşı şeylər var millətimin fitrətində. Həmişə düşünmüşəm ki, qələbənin böyüyü-kiçiyi olmur. Həcmindən asılı olmayaraq qələbə qələbədir. Təbii ki, “Qarabağ”ı dəstəkləyənlərlə yanaşı Qarabağ dərdimizi ortalığa atıb onun üzərində şou edənlər, burnunu “Mayıf Qasım” kimi sallayıb sosial şəbəkələrdə status üstündə oturanlar də az olmadı.
Sanki bütün günü Qarabağ dərdiylə gecələyib səhəri də o dərdin kölgəsində açırmışlar kimi yenə də “məsləhət” torbasının ağzını açıb “öyüd-nəsihət” paylayanlar, yaşadığımız anlıq sevinci burnumuzdan gətirməkdən ötrü səfərbər olanlar da tapıldı. Nə deyək? “Qarabağ”ın bizə yaşatdığı bu qələbənin xətrinə canları sağ olsun deyib keçək. Çox sevdiyim türk şairi Nəcib Fazil Qısakürək demiş “Tumcuq dərdində olmayan ağac odundur”.
Doğma komandamız “Qarabağ”ın dünən İsveçin “Gefle” komandasını 1:0 hesabı ilə məğlub etməsini də bir tumurcuq hesab etmək olar. O tumurcuqdan nə vaxtsa ürəyimizi partaladacaq qədər böyük bir qələbənin müjdəçisi kimi təsəlli tapmağı bir-birimizə çox görməyək. Onsuz da dərd içindəyik, bu anlıq sevinclərə ehtiyacımız var. Arada gülümsəyin, cənablar...
Yeri gəlmişkən qeyd edim ki, “Qarabağ”ın, ümumiyyətlə Azərbaycan təmsilçilərinin avrokuboklarda İsveç klubları ilə qarşılaşması olmayıb. Bir sözlə “Gefle” Azərbaycan futbolu tarixinə təmsilçilərimizin ilk rəqibi kimi düşdü və “Qarabağ” heyəti çox gözəl oyun nümayiş etdirdi. Oyunun ilk 19-cu dəqiqəsində Nikolos Gelaşvili rəqib komandanın qapısı ağzında təhlükə yaratsa da hesabı açmağa müvəffəq olmadı. Amma hücumçumuzun rəqib komanda heyətinə yaşatdığı bu qorxu bütün oyun boyu onları tərk etmədi.
Oyunun 88-ci dəqiqəsində Silvo Reynaldonun vurduğu o möhtəşəm qol bizə qələbə sevinci yaşatdı. Sevindirici haldır ki, Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və “Qarabağ” 7 oyun məğlub olmayaraq Azərbaycanı Avropada təmsil edən komandaların arasında rekord qırıb. Bütün bu uğurların əsas qəhrəmanı kimi “Qarabağ” ın baş məşqçisi Qurban Qurbanova böyük təşəkkür düşür. Bu sevinci bu qələbəni “Qarabağ” sevərlərə yaşatdığı üçün təşəkkürlər “Qarabağ” heyəti, təşəkkürlər Qurban Qurbanov. Bu komandanı qələbəyə ruhlandırdığı üçün təşəkkürlər İmarət Fanklubu və Azərbaycan xalqım.
Heç nə olmasa da sevgiylə irəliləyin.
Publika.az: Günel Musa
saytlarin hazirlanmasi