"Bəzi futbolçuları komandadan qovmağımız...” MÜSAHİBƏ

14:48 - 2 Avqust 2013

Georgi Çixradze: "Bəzi futbolçular vardı ki, onlarla müqaviləni yenilmək istəmədik"
 
"Simurq"un baş məşqçisi Georgi Çixradzenin Sportal.az saytına müsahibəsi
 
- Komandanın təlim-məşq toplanışlarını necə dəyərləndirirsiz? 
- İki mərhələdən ibarət təlim-məşq toplanışı keçdik. İlkin mərhələ Türkiyədə, ikicisi isə Avstriyada oldu. Əsasən funksional və fiziki cəhətdən hazırlıq, məşqlər keçdik. İkinci mərhələdə isə artıq taktika üzərində çalışdıq. Burda da 4 yoxlama oyunu keçirdik. Düşünürəm ki, həmin yoxlama oyunlarının bizə xeyri dəyəcək. Ən güclü rəqiblərlə yoxlama oyunlarında qüvvəmizi sınadıq - “Beşiktaş”, “Olimpiakos”, “İstanbul BB”  və “Zalaeqerseq”. 
 
- 4 yoxlama oyunu, sizcə, az deyil?
- Nəzərə alın ki, birinci təlim-məşq toplanışında 3 yoxlama oyunu Türkiyədə keçdik. 7 qarşılaşma edir ki, bu da az deyil. Ümumilikdə bir mövsüm üçün hazırlıq normaldı. Mənə elə gəlir ki, sparrinqlər çox güclü komandalar idi. 
 
- Mövsüm bitən kimi 19 futbolçu komandadan ayrıldı. Onlarla yollarınızı siz, yoxsa klub davam etdirmək istəmədi? 
- Əslində onlarla yollarımızı ayırmadıq. Müqavilələri bitdi. Mövsümün gedişində komandada saxlamaq istədiyimiz futbolçularla danışıqlar apardıq. Lakin maliyyə şərtlərində razılığa gələ bilmədik. Həmin futbolçulara başqa klublardan təkliflər olduğu üçün onlar öz seçimlərini etdi və komandadan ayrıldı. Amma bəzi futbolçular vardı ki, onlarla müqaviləni yenilmək istəmədik. Çünki çempionatın gedişində özlərini doğrulda bilmədilər. Ad çəkmək istəmirəm. Onlar arasında həm legionerlər, həm də yerlilər var. Odur ki, bəzi “futbolçuları komandadan qovmağımız” düzgün ifadə deyil. Sadəcə müqavilələri bitmişdi. Amma onlar arasında elələri var idi ki, bizdə olmuş futbolçularla müqavilə yenilədik. 
 
- Komandanın yeni transferləri xoşunuza gəldi. Onların seçimini necə etdiniz?
- İkinci təlim-məşqdə çox futbolçular baxışda oldu. Onların arasında güclü futbolçular da vardı. Həmin oyunçuları “Simurq”da görmək istəyərdim. Sadəcə bəziləri maliyyə problemini əsas gətirdi, bəziləri daha səviyyəli çempionatlara getmək istədi. Məncə, ötən mövsümlə müqayisədə seçimlərimiz daha uğurlu olacaq. 
 
- Elə futbolçular oldumu maliyyə problemləri səbəbindən ala bilməmisiz?
- Dəvət etdiyimiz futbolçular oldu. 2-3 elə futbolçu olub ki, almaq istədik. Bilirsiz, bu, futboldu. Müxtəlif səbəblərdən bunlar baş tutmur. Ya maliyyə cəhətdən, ya futbolçu istəyir paytaxtda yaşasın və ya başqa çempionatda oynamaq istəyir. Təəssüflənmirəm ki, onların keçidi alınmadı. Onlar karyeralarını başqa çempionatlarda davam etdirmək istədi. Amma bizə lazım olan futbolçuları almışıq. 
 
- “Simurq”u istədiyiniz kimi formalaşdıra bildiniz? Maliyyə problemləri sizə mane olmadı?
- Onu deyə bilərəm ki, komandamızın maliyyə vəziyyəti stabildi. Belə hesab edirəm ki, indiki vəziyyətdə hər şey yaxşıdı. 
 
- Keçən mövsüm komandanız yaxşı çıxış etdi, amma çempionatı 4-cü yerdə başa vurdu. Bununla da “Simurq” avrokuboklara vəsiqə qazana bilmədi. 
- Keçən mövsümə gəldikdə, düzü, əsas tapşırıq avrokuboklara düşmək deyildi. Komanda yenicə formalaşmışdı. Klub rəhbərliyi bizim qarşımıza belə bir şərt qoymamışdı ki, mütləq avrokuboklara vəsiqə qazanmalısız. Əgər düşsəydik, əlbəttə, əla olardı. Biz bilirdik ki, ilk “altılığ”a düşəndə vəziyyət daha çətin olacaq. Oyunlar nisbətən çətin keçəcək. Belə alınacağını bilirdik. Buna görə də, məncə, keçən mövsümdə 4-cü yer komanda üçün yaxşı nəticədi. 
 
- Bəs “Simurq”un builki hədəfi nə olacaq?
- Konkret heç nə məlum deyil. Klub prezidenti ilə görüşümüz, danışığımız olacaq. Əvvəlcə danışığımız oldu. Amma yekun nəticəyə gəlməmişik. Hədəfləri deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, formalaşmış bir komanda kimi nəticə üçün mübarizə aparacağıq. 
 
- “Transfer pəncərəsi”nin bağlanmasına vaxt var. Ona qədər “Simurq”un yeni transferləri olacaq?
- Hazırda iki namizədimiz var. Onlarla danışıqlar gedir. Əgər danışıqlarımız uğurla yekunlaşsa, onları heyətə qatacağıq. 
 
- Həmin futbolçular hardan alacaqsız?
- Hələ bu məsələ həll olunmayıb. Ona görə də sizə deyə bilmərəm. 
 
- Çempionat başlayır. Yeni mövsümdə 10 komanda və 4 dövrə olacaq. Sizcə, çempionat yeni formatda necə keçəcək?
- Məncə, bu il çempionat daha da maraqlı keçəcək və çətin oyunlar olacaq. Həmçinin çempionatın səviyyəsi də artacaq. İndi 10 komanda ilə daha çox oyunlar olacaq. Bəzi klublar da yeni mövsümə çox ciddi hazırlaşıb, dəyişib və yeni futboçular heyətə cəlb edib. Məhz bu səbəbdən yeni mövsüm çətin və maraqlı keçəcək. Zəif rəqib və əhəmiyyətsiz oyun olmayacaq. Hər oyun çətin olacaq. 
 
- Yeni mövsümdə “Simurq”un ilk rəqibi “Rəvan”dı. Oyun haqqında fikirləriniz..
- Mən hər rəqibə hörmətlə yanaşıram. Bilirik ki, ilk oyunlar, çempionatın başlanğıcı elə də asan olmur. Hər oyuna hazırlaşdığımız kimi maksimum dərəcədə hazırlaşırıq. İlk oyundu və çox ciddi hazırlaşırıq. 
 
Şahin OĞUZ 

Xəbər xətti