Zohair Benouahi: "Bu məğlubiyyətin şokundan çıxmaq istəyirik"
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Zohair Benouahinin Sportal-az saytına müsahibəsi
- “Makkabi” Hayfaya 8:0 hesabı ilə məğlub olacağınızı gözləyirdiz?
- Əlbəttə, yox. Bunu gözləmirdim. Səfərdə heç də pis oynamadıq. 2:0 məğlub olsaq da, İsraildə yaxşı oynamışdıq. Hətta orda hesabı açmağa dəfələrlə biz yaxın olduq. Sadəcə imkanlardan istifadə edə bilmədik. Ona görə də evdə daha yaxşı oynamağa ümid edirdim. Lakin rəqibin hesabı erkən açması bizi bir az ruhdan saldı, oyunumuzu pozdu. Əlbəttə ki, şokdayam, hamımız şokdayıq. Futbolda belə şeylər olur, ancaq bizim üçün çox məyusedici bir haldı.
- Bundan sonra fanatların üzünə necə baxacaqsız?
- Bundan sonra nəinki şəhərə, həttta bazanın ətrafında gəzməyə üzüm yoxdu. Ancaq kim istəyər ki, bu cür məğlubiyyətə uğrasın. Biz də qələbə qazanmaq istərdik. Yəqin fanatlar bizi başa düşər və anlayar. Onlar “Xəzər Lənkəran”ı ürəkdən sevir və daim komandanın yanında olur. Düzdü, məğlubiyyət utancvericidi və bizim üçün çox ağırdı. Bu məğlubiyyətin şokundan çıxmaq istəyirik. Azarkeşlərdən bütün futbolçular adından üzrxahlıq istəyirəm. Bununla heç nə bitmir, qarşıda yeni mövsüm başlayır. İnanıram ki, onlar yenə komandaya sahib çıxaraq klubu dəstəkləyəcək. Çünki Lənkəran azarkeşləri “Xəzər Lənkəran”a həmişə sadiq olub və sadiq də qalacaq. Sözsüz ki, biz də bu acı məğlubiyyətdən nəticə çıxarıb yeni mövsümdə öz oyunumuz və qollarımızla Lənkəran fanatlarını sevindirməliyik.
- Deyilənə görə, Avroliqadakı uğursuzluqdan sonra klub rəhbərliyi futbolçuların maaşını kəsib.
- Belə bir şey hələ ki, olmayıb. Düzdü, rəhbərlik bu acı məğlubiyyətə görə hamıya xəbərdarlıq etdi. Onların sözündə həqiqət var və oyunumuzdan narazı qalmağa haqları çatır. Gərək belə olmayaydı. Nəsə, həmin oyunu xatırlamaq istəmirəm. Çalışıram ki, yaddan çıxarım. O ki qaldı pulumuzun kəsilməsinə, rəhbərlik tərəfindən cərimə də, cəza da verilsə belə, bizim narazılıq etməyə haqqımız çatmır. Ancaq hələ ki, pul cəzası yoxdu. Bizə belə bir məlumat verilməyib.
- Yeri gəlmişkən sabah “Xəzər Lənkəran” çempionatın ilk oyununda səfərdə “Sumqayıt”la qarşılaşacaq. Bəs bu oyundan nə gözləyirsiz?
- Mövsüm yeni başlayır. Ona görə də ilk oyun həmişə çətin olur. Artıq bu mövsüm əhəmiyyətsiz oyun olmayacaq. Hər bir rəqibə qarşı ciddi hazırlaşmaq lazımdı. “Makkabi” məğlubiyyətini unutmaq və “Sumaqayıt”a mütləq qalib gəlməliyik. Bunu hamımız dərk edirik və çempionata uğurla start vermək istəyirik.
- “Xəzər Lənkəran” bu mövsüm nə vəd edir?
- Əlbəttə ki, “Xəzər Lənkəran” hər zaman çempionluq və kubok uğrunda iddialı olub və yenə də hədəf çempionluq və kubok olacaq. Biz də üzərimizə düşən bu işin öhdəsindən gəlməyə çalışacağıq. İstərdik ki, komandamızın 10 illik yubileyində “qızıl dubl” edək, yəni həm çempion olaq, həm də kuboka sahib çıxaq. Ondan sonra isə avrokuboklarda uğurlu nəticə göstərməyimiz vacibdi. Bəlkə bununla fanatlar qarşısında Avroliqadakı günahımızı yuyarıq.
Raifə İBRAHİMOVA
saytlarin hazirlanmasi