Ən ideal seçim Tərlan Əhmədovdur
Böyükağa Hacıyevin “Neftçi”nin baş məşqçisi postundan istefa verməsindən sonra komanda Tərlan Əhmədova tapşırılıb. Lakin klubun prezidenti Sadıq Sadıov bu məsələdə son qərar verməyib.
“Flaqman”ın fanatlarını bu mövsüm “Neftçi”ni kimin çalışdıracağı düşündürür. Buna görə də, mümkün variantları təhlil etdik.
Variant - 1
Ehtimal faizi – 50
1.“Neftçi” Böyükağa Hacıyevə tapşırılandan sonra Tərlan Əhmədov ona köməkçi gətirildi. Hələ o vaxtdan məlum idi ki, Əhmədov “Neftçi”nin baş məşqçisi postuna hazırlanır. Bunun üçün isə Böyükağa Hacıyevin yanında təcrübə keçməsi vacib idi. Köməkçi məşqçi kimi iki çempionluq qazanan Əhmədov bu dönəm ərzində xeyli inkişaf edib və bu gün onu “Neftçi”nin baş məşqçisi postuna ən ideal seçim saymaq ola bilər. Klubda artıq 3-cü mövsümünü keçirən Tərlan Əhmədova uyğunlaşma müddəti lazım deyil. Son illər “Neftçi”nin uğurlarında payı olan insanlardan biri məhz Tərlan Əhmədovdur. Ona görə də Tərlan bəyi bu posta ən ideal seçim sayırıq. Deyilənlərə görə, Sadıq Sadıqov 4-5 tur ona şans verib. Nəticələr qənaətbəxş olsa, Əhmədov qalacaq. Əks halda yeni mütəxəssis gətiriləcək. İlk turda AZAL üzərində qazanılan inamlı qələbə Tərlan Əhmədovun şanslarını xeyli artırdı. Bu mövsüm “flaqman” ona tapşırıla bilər.
Variant – 2
Ehtimal faizi 30
2.Nazim Süleymanovun adı da namizədlər arasında göstərilir. Bu, inandırıcı variantlar sırasındadır. Çünki Sadıq Sadıqovun neçə illərdir ki, Nazim Süleymanovla şəxsi tanışlığı var və onların bir-biri ilə anlaşması çətin görünmür. Ən əsası, Süleymanov kiçik büdcə ilə AZAL-ı Avropa Liqasına çıxarmaqla müəyyən mənada adından söz etdirməyi bacarıb.
Variant – 3
Ehtimal faizi – 10
3.“Flaqman”ın baş məşqçisi postuna namizədlər arasında Şahin Diniyev də var. Ancaq Diniyevin “Neftçi”yə başçılıq edəcəyini ehtimal etmək çətindir. Şahin bəy savadlı mütəxəssisdir. Ancaq “Neftçi” onun iş prinsiplərinə uyğun komanda sayılmaya bilər. Kənardan görünən odur ki, Diniyev gəlişi ilə bu komandada çox şeyi dəyişmək istəyəcək. Bu isə “Neftçi”nin indiki idarəçilik üsulunda real görünmür.
Variant – 4
Ehtimal faizi - 5
4.Hər hansı digər yerli mütəxəssisin gətiriləcəyi də real görünmür. Bir neçə il əvvəl Yunis Hüseynovun adı namizədlər arasında hallanırdısa, indi vəziyyət fərqlidir. Onun “Xəzər Lənkəran”dakı fəaliyyəti karyerasına zərbə oldu. Ağasəlim Mircavadovun isə “Neftçi”yə gətirilməsi demək olar ki, mümkün deyil. Bunun tarixçəsi 7-8 il əvvələ gedir.
Variant – 5
Ehtimal faizi – 5
5.Daha bir variant əcnəbi məşqçinin gətirilməsidir. Lakin Azərbaycanda “İnter” və “Simurq” yerli məşqçilərə yuxarıdan aşağı baxırsa, Sadıq Sadıqovun rəhbərlik etdiyi “Neftçi” də əcnəbilərə güvənmir. Ona görə də, “Neftçi”də əcnəbi mütəxəssisin görünəcəyi heç inandırıcı deyil. Görünür Sadıqov ondan əvvəlki rəhbərliyin Gedenin “zəhməti” sayəsində “Neftçi”nin nə günlərə qalmasını unutmayıb.
Şahin OĞUZ
saytlarin hazirlanmasi