Namiq Yusifov: "Hər halda 1:0-lıq qələbə ilə rəqib meydana üstün yollanırıq"
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun Sportal.az-a müsahibəsi
- “Gefle” oyunda bu qədər qol vəziyyətindən yararlana bilmədiniz. Ümumiyyətlə oyun sizin üçün necə keçdi?
- Oyunumuz çox yaxşı alındı. İstəkli idik və sona kimi əzmkar mübarizə apardıq. Hamı oyuna yaxşı hazırlaşmışdı. Bunun da nəticəsi son dəqiqələrdə öz bəhrəsini verdi. Rəqib isə Bakıya heç-heçə üçün gəlmişdi. İstəyirdilər ki, standart vəziyyətdən qol vursunlar. Sona kimi müdafiəyə çəkildildilər. Çox disiplinli komandadılar.
- “Qarabağ” Avropa Liqasında keçirtdiyi bütün oyunlarda bir neçə real qol vəziyyətlərindən yararlana bilmir. Bu nə ilə bağlıdır?
- Hər yaratdığın epizoddan qol vursan, nə olar? Bu futboldu, belə şeylər olur. Əslində, belə vəziyyətlərdən yararlanmaq lazımdı. Biz son dəqiqələrdə qol vura bilməsəydik, oyun 0:0 hesabı ilə başa çatacaqdı. Kimisə günahlandırmaq da düzgün deyil.Yəni oyun ərzində belə epizodlar hər bir futbolçunun başına gələ bilər. Əsas olan odur ki, biz bir qol vurduq.
- Qazanılan 1:0-lıq qələbəni nə dərəcədə üstünlük saymaq olar? Nəzərə alaq ki, növbəti oyun səfərdədir və rəqib doğma meydanında uduzmağı sevmir...
- İsveçə 0:0-lıq bir nəticə ilə getmirik. Hər halda 1:0-lıq qələbə ilə rəqib meydana üstün yollanırıq. Orda artıq necə futbol oynayacğımızı baş məşqçimiz müəyyənləşdirəcək. Biz də meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Bu gün çempionatın ilk turunda “İnter”lə qarşılaşacaqsınız. Rəqib də çempionluğa oynayan komandadır. Bu oyunla bağlı nə deyə bilərsən?
- “İnter”in ağıllı məşqçisi var, yaxşı oyun qurur, rəqibi yaxşı analiz edir. Bizim üçün çətin olacaq. Heç kim deyə bilməz ki, biz nə vaxtsa “İnter”lə rahat oyun oynamışıq. Maraqlı komandadır. Əlimizdən gələni edəcəyik ki, bu oyundan sərfəli nəticə əldə edək.
- “Gefle” səfərini nəzərə alsaq, gözləmək olar ki, “Qarabağ” “İnter”lə oyuna tam gücünü ortaya qoymasın?
- Kim meydana çıxacaq, o da tam gücünü ortaya qoyacaq. Buna əminəm. Çünki biz həm çempionatda, həm də Avroliqada uğur qazanmaq istəyirik.
- “İnter” və “Gefle” ilə oyunda da süni meydançada oynayacaqsınız. Bunu “Qarabağ” üçün mənfi hal saymaq olar?
- Ot örtüyü olsa, daha yaxşı olardı. Düşünmürəm ki, elə də ciddi təsir etsin. Biz bunu fikirləşmirik. Əsas odur ki, öz oyunumuzu meydançada tapaq və istədiyimiz nəticəni əldə edək. Bunlar kənar amillərdir. Biz belə şeylərə fikir vermirik. Bunları düşünsək, o zaman oyunumuz alınmaz.
- Səncə, “Gefle” ilə oyun öncəsi “İnter”lə oyun təxirə salınsaydı daha yaxşı olmazdımı?
- Bir həftədə üç oyun oynamaq daha çətindi. Əgər "İnter"lə oyun təxirə salınsaydı, daha yaxşı olardı. Təqvim var və biz də buna riayət etməliyik. Biz hər oyunu ciddiyə alırıq.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi