"Azərbaycanda o qədər istedadlı uşaq var ki..." MÜSAHİBƏ

14:30 - 4 Avqust 2013

Sebahattin Tekin: "Gənc futbolçuları oynatmaqdan qorxmasınlar"

 

“Qarabağ” klubunun bütün yaş qrupları üzrə koordinatoru Sebahattin Tekinin sportal.az saytına müsahibəsi

 

AFFA U-19 Liqasının keçirilməsi üçün qərar verdi. Buna münasibətiniz necədi?

 

Bu liqanın keçirilməsi Azərbaycan futbolu üçün çox vacibdir. Azərbaycanın U-19 yığma komandası var. İndiki durumda millinin məqçiləri seçim etmək üçün əvəzedici komandaların oyunlarına baxırlar. Lakin əsas komandada heyətə düşməyənlər əvəzedicilərə gəldiyi halda gənc oyunçular o qədər də oynamaq şansı qazanmırlar. Demək olar ki, U-17 Liqasından çıxan oyunçular oyun təcrübəsi baxımından əziyyət çəkməli olurlar. Başqa cürə desək, gənc futbolçu inkişafın əsas mərhələsində ortada qalır. U-19 Liqasının yaranması həm futbolçular üçün xeyirli olacaq, həm də millinin məşqçiləri üçün. U-19 Liqası Azərbaycan futbolunun gələcəyini xilas edəcək. Bu ideyanın tərəfdarlarından biri də “Qarabağ”dır. İnanıram ki, digər klublar da bu Liqanın yaranmasına sevinirlər. Mən əvəzedicilərin oyunlarının bir gün əvvəldən yox, əsas komandanın oyunundan bir gün sonra keçirilməsinin tərəfdarıyam. Çünki elə olur ki, futbolçu əvəzedicilərə gəlir cəmi 1 hissə oynayır, çünki sabah da oynamaq ehtimalı var. Bir gün sonra isə vəziyyət daha aydın olacaq və əsas komandanın futbolçularından daha səmərəli istifadə edə biləcəyik.

 

Artıq U-12 Liqasının yaradılması da gündəmə gəlib...

 

Bu da çox vacibdir. Təsəvvür edin ki, uşaqlar U-11 Liqasında çıxış edirlər. Sonra 1 il boş qalırlar. Bizim 12 yaşlı uşaqlarımız hazırdır. Biz ötən mövsüm uşaqlarımızı “Hövsan” komandasına icarəyə vermişdik və bu il U-13 Liqasına artıq hazır komandamız var. Belədə 11 yaşlı uşaqlarımızın oynaması üçün U-12 Liqası lazımdır.

 

 Azərbaycanda uşaq futbolunun inkişafını qənaətbəxş hesab edirsiz?

 

Burada şərtlər bir qədər çətindir. Bazası, “Qarabağ” kimi imkanı olan 4-5 klubdan başqa digərlərində iş düzgün qurulmur. Niyə? Çünki elə uşaqlar var ki, məşqə ac gəlirlər və ya lazım olan səviyyədə qidalanmırlar. Uşağın inkişafı üçün yaxşı qidalanması çox vacibdir. Yoxsa peraşki, çay və çörəklə bu uşaqları yetişdirmək çətindir.

 

Belə bir fikir formalaşıb ki, Azərbaycanda istedadlı uşaqlar yoxdur. Artıq neçə ildir ki, burdasız. Siz də belə düşünürsüz?

 

Gəldiyim ilk gündə söylədim ki, Azərbaycanda o qədər istedadlı uşaq var ki, bir hərəkəti göstərdiyin an dərhal onu qavrayırlar. İstedadlı futbolçular çoxdur, sadəcə onları qazanmaq lazımdır. Bir məsələyə də toxunmaq istəyirəm ki, millinin toplanışları bəzən elə vaxtlarda təşkil olunur ki, klublar vacib oyunlara çıxır. Təsəvvür edin ki, final oyununa çıxarsan 3-4 futbolçu milli ilə toplanışa gedib. AFFA buna diqqət yetirməlidir.

 

Əvəzedicilərin ilk oyununda 1:5 hesabı ilə “İnter”ə uduzduz. Bu məğlubiyyətə necə şərh verərdiz?

 

Burada qorxulu heç nə yoxdur. Bu oyunda əsasən 16-17 yaşlı uşaqlara güvəndik. Çoxları əvəzedicilərdə ilk oyununa çıxırdı. Bilirdik ki, səhvlər də olacaq, buraxılan qollarda. Bunu göz önünə almışdıq. Bizim üçün nəticə yox, Qurban Qurbanovun komandası üçün futbolçu yetişdirmək vacibdir. Ötən mövsüm Tural Rzayev, Bilal Abbaszadə kimi istedadlı oyunçular verdik əsas komandaya bu il də elə olacaq. Başqa klublara da səslənirəm ki, gənc futbolçuları oynatmaqdan qorxmasınlar.

 

Şahin OĞUZ

Xəbər xətti