"Onun verdiyi tapşırığı yerinə yetirməsəm, ..." MÜSAHİBƏ

13:48 - 5 Avqust 2013

Elnur Abdullayev: "Buraxdığımız qol uşaq səhvi idi"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayevin Sportal.az-a müsahibəsi
 
- Oyun haqqında fikirlərini bildirərdin…
- Çempionatın ilk oyunu olduğu üçün bir az ağır keçdi. Kobud səhvdən qol buraxdıq. Komanda özünə gələnə kimi bir qol vurduq və bir xalı aktivimizə yazdıra bildik. İnşallah, növəti oyunlara hazırlaşacağıq.
 
- Bu heç-heçəni hardasa “Makkabi”nin təsiri kimi qiymətləndirmək olar?
- Ola bilər. Həmin oyun, bəzi oyunçulara psixoloji olaraq pis təsir etdi. Biz çalışdıq ki, qələbə qazanıb o, oyunu unudaq, amma alınmadı. Bununla heç nə bitmir. Qabaqdakı oyunlarda bunu unutduracağıq.
 
- “Xəzər Lənkəran”ın müdafiəsindəki kobud səhvlər nədən xəbər verir? Elə bil komandada oynamağa həvəs yoxdu.
- Keçən il də belə şeylər var idi. Oynayırıq-oynayırıq, elə bir qol buraxırıq ki, komanda “sınır”. Bu gün də elə qollardan birini buraxdıq. Buraxdığımız qol uşaq səhvi idi. Amma məğlubiyyətdən xilas ola bildik və buna da şükür edirik.
 
- Biz ötən ilə qədər səni meydanda tamam başqa cür görürdük. Qapıya uzaqdan zərbələr vuran, bir neçə futbolçunu keçib ötürmə verən Elnur hardadı?
- Hər bir məşqçinin öz taktikası var. Mən baş məşqçinin verdiyi tapşırığı yerinə yetirirəm. Onun verdiyi tapşırığı yerinə yetirməsəm, oturacam ehtiyyatda. Məni də başa düşmək lazıdmdı. Bir oyun gəlir deyir ki, “oyunçunu keç vur topu qapıya”. O biri oyun isə başqa taktika deyir. O nə  deyir, mən də onu edirəm.
 
- Toşak o, keyfiyyətləri səndə görmür?
- Görür, amma o keyfiyyətləri başqa futbolçularda görmək istəyir. Ön tərəfdəkilərdə. Mənə başqa tapşırıqlar verir. Mən də çalışıram ki, onun verdiyi öhdəlikləri yerinə yetirim.
 
- Səncə, bu heyətlə “Xəzər Lənkəran” çempion ola biləcək?
- Yeni oyunçular gələcək. Hər şey qabaqdadı. İnanıram ki, hər şey yaxşı olacaq.
 
- Azarkeşlər arzuladığı “Xəzər Lənkəran”ı qarşıdakı oyunlarda görə biləcəklər?
- İnşallah görəcəklər.
 
 
Elsəvər Məmmədov

Xəbər xətti