"Azarkeşlərin çılğın olduğunu bilirəm"
"Xəzər Lənkəran"ın yeni transferi Mbilla Etame artıq Bakıdadır. Komandanın düşərgəsinə qatılan kamerunlu futbolçunun fikirləri lənkəranlı azarkeşlərin üçün maraqlıdır. Onun fikirlərini öyrənmək üçün qaldığı otelə yollandıq. Sportarena.az-ın müxbiri Yusif Hüseynlə birlikdə Mbilladan müsahibə aldıq.
Mbilla Etamenin Sportal.az-a və Sportarena.az-a müsahibəsi
- Azərbaycana gəlişin necə baş tutdu?
- Mən yeni liqada çıxış etmək istəyirəm. Artıq 5 il Türkiyədə idim. Dəyişiklik etmək istədim.
- “Xəzər Lənkəran”dan ilk təklif kimdən gəldi?
- İlk olaraq, klubun prezidenti və baş məşqçi ilə söhbətim oldu. Onlar mənə böyük klub yaratmağı düşündüklərini dedilər və məni komandaya dəvət etdilər. Mən də qəbul etdim. Bu arada “Neftçi” ilə oyunu səbirsizliklə gözləyirəm.
- Gələn həftə komandana kömək etməyə hazırsan?
- Yox, hələ mən komandaya uyğunlaşmamışam. Ancaq iki həftədən sonra tam hazır olacam
- Lənkəran şəhəri haqqında məlumatın var?
- Sadəcə qiyabi olaraq məlumatım var. Gözəl şəhərdir və dənizkənarında yerləşir.
- “Xəzər Lənkəran” azarkeşləri haqqında nəsə eşitmisən?
- Bir az məlumatım var, çox çılğındılar. Bu da yaxşı haldır. Mən çox sayda azarkeşin önündə oynamağı sevirəm və bu da yaxşı mənada oyunuma təsir göstərir.
- Həmin azarkeşlər sənə çox güvənir. Onların güvənini doğrulda biləcəksənmi?
- Futbol komanda oyunudur. İstədiyim toplar mənə gəlsə, əlimdən gələni edib, onları sevindirəcəm. Bunun üçün də komandada yaxşı pleymeykerə ehtiyac var.
- Ancaq “Xəzər Lənkəran”ın pleymeyker problemi var. Bu sənə problem yaradacaq?
- Mən bura gələndə klub prezidenti və baş məşqçi yaxşı komanda quracaqlarını demişdi. Ümid edirəm yaxşı bir komanda olub çempionluq qazanacağıq.
- Bu il “Xəzər Lənkəran”ın 10 illiyidir. Bunu bilirdinmi?
- Xeyr , bundan xəbərim yoxdur
- “Xəzər Lənkəran”ın Makkabi faciəsindən xəbərin var?
- Bəli, mən ilk oyunu stadiondan izlədim, sonra bu nəticəni gördüm Biranlıq qərarımı dəyişdim. Ancaq sonra mənə komandanın yeni planını dedilər. Mən də buna görə gəldim. Artıq yaxşı transferlər də olunub. Məsələn: Nildo, keçən çempionatda 21 qol vurub. Bu yaxşı transferdir.
Mən onunla bir-birimizi yaxşı başa düşəcəyimizə inanıram. 5 il “Adanaspor”da oynamışam , onların azarkeşləri məni “kral”, “komandan” ləqəbləri qoşmuşdular. Çünki onlar məni yaxşı tanıyırdılar. Mən oyunda ürəyimi qoyurdum
- “Xəzər Lənkəran”ın oyunlarında da ürəklə oynayacaqsanmı?
- Bəli, yüz faiz . Hər bir peşəkar futbolçu ürəklə oynamalıdır. Bu mənim peşəmdir.
- Dünən “Xəzər Lənkəran”ın “Sumqayıt”la oyununu izlədin?
- Stadiondan izləyə bilmədim, ancaq oyunun videoyazsını izlədim .1-1 hesabı ilə başa çatdı. Bu da ondan irəli gəlir ki, çempionat təzə başlayıb, ilk iki-üç tur belə olur həmişə.. Ancaq sonra komanda çempionata tam uyğunlaşır
- Növbəti turda heç olmasa ikinci hissə komandaya kömək etmək istəmirsən?
- Hələlik hazır deyiləm. Azarkeşlərin mənə ümidi çoxdur. Ona görə mən tam hazır olmamış meydana çıxa bilmərəm. Mənim bir imicim var, mən Mbillayam. Ona görə də yüzdə yüz hazır olandan sonra meydana çıxacam.
- Avqustun 25-ə “Xəzər Lənkəran” əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq. “Neftçi” -“Xəzər Lənkəran” oyunu ən prisipial oyundur. Bu oyunla bağlı nə deyə bilərsən?
- “Neftçi”nin güclü komanda olduğunu bilirəm. Mənim üçün problem deyil, narahat da deyiləm. Mən oyunu oynayacam həmin oyunda da.
- “Neftçi” ilə oyunda qol vuracağına söz verirsən?
- Ona söz verə bilmərəm. Ola bilsin mən pas atım Nildo vursun, ya da o atsın mən vurum. Amma əlimdən gələni edəcəyimə söz verirəm. Əsas odur ki, “Xəzər Lənkəran” qalib gəlsin.
- “Adanaspor”da 61 qol vurmuşdun. Bu nəticəni “Xəzər Lənkəran”da təkrarlaya biləcəksənmi?
- Bəli, təkrarlayacağıma inanıram və daha çox olacaq
- Maraqlısı odur ki, sən cəmi 1 qolu penaltidən vurmuşdun. 60 qolu oyun vəziyyətindən qapıya göndərmisən.
- Bəli, mən “bedava” qollar vurmağı sevmirəm. Ona görə çalışıram gözəl qollara imza atım.Artıq Azərbaycan komandaları haqqında məlumatım var. Artıq “Neftçi” ilə oyuna günləri sayıram. “Qarabağ”ı da tanıyıram.
- Keçən il “Beşiktaş” və “Trabzonspor” səni transfer etmək istəmişdi. Bu təklifləri niyə rədd etdin?
- Mən əsas heyətdə oynamaq istəyirdim, ona görə bu təklifləri rədd etdim. Bu il də “Konyaspor” və “Kasımpaşa”dan təklif almışdım. Amma mən 5 ildir Türkiyədə idim, dəyişiklik etmək istədim.
- Azərbaycan futbolu haqqında nəsə bilirsən?
- Yox, heç bir məlumatım yoxdur.
- Azərbaycan haqqında məlumatın var idi?
- Sadəcə belə adlı bir ölkənin olduğunu eşitmişdim.
- Sosial şəbəkələrdən istifadə edirsən?
- Yox, məncə yaxşı futbolçu belə fəaliyyətlərə vaxt ayırmamalıdır. Əgər vaxt ayırsam, futbola vaxt qalmaz.
P.S: Söhbətin sonunda futbolçudan telefon nömrəsini istədik. Mbillanın cavabı isə belə oldu: “Mən profesional futbolçuyam, ona görə də nömrəmi verə bilmərəm”.
Söhbətləşdi: Yusif HÜSEYN və Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi