"Baxmırıq ki, rəqib "Xəzər Lənkəran"dı və ya "Neftçi"di" MÜSAHİBƏ

16:13 - 7 Avqust 2013

Rövşən Əmiraslanov: "Onlarda Avroliqa oyunlarından sonra ruh düşkünlüyü var"
 
"Simurq"un yarımmüdafiəçisi Rövşən Əmiraslanovun Sportal.az saytına müsahibəsi
 
- “Simurq” çempionatın ilk turunda “Rəvan” üzərində qələbə qazandı. Düzdü, oyunda iştirak etməsən də, matç haqqında fikirlərini bilmək istərdim. İlk dəfədi ki, çempionata “Simurq”un heyətində başlayırdın.
- Çempionatın birinci oyunu olduğundan heç nə bəlli olmur. Hələ ki, komandaların vəziyyəti heç kimə bəlli deyil. Birinci oyun idi. Belə başa düşürəm ki, bütün komandalar ciddi hazırlaşırdı. O cümlədən “Rəvan” bizə, biz də onlara qarşı ciddi hazırlaşmışdıq. Məqsədimiz 3 xal idi. Onu da qazandıq. Komandalar yeni mövsümə təzə başlayır. Yəni əsas nailiyyətimiz 3 xal idi, onu da əldə etdik. Yaxşı oyun oldu. Düşünürəm ki, layiqli 3 xalı qazandıq. 
 
- Hər halda təcrübəli futbolçusan. Niyə “Simurq”un heyətində meydana çıxmadın?
- Bu barədə mənə sual çox olacaq. Bildiyiniz kimi, reqlamentə əsasən1992-ci il təvəllüdlü bir futbolçu əsas heyətdə oynamalıdı. Burda da mənim mövqeyimdə oynayan bir 1992-ci il təvəllüdlü futbolçu var, bir də ortada. Rəşad Eyyubov bir az yaxşı çıxış edə bilmədi. Ona görə də məşqçi onu məcburiyyət qarşısında dəyişməli oldu. Bu səbəbdən mənim yerimə o futbolçunu meydana buraxdı. Öz şansımı gözləyəcəm və əlimdən gələni edəcəm. Məşqçi məşqlərimə baxır, məndən də razıdı. Soruşmuşam, özü ilə danışmışam. Deyir ki, heç bir problem yoxdu. Mən də şansımı gözləyəcəm. Öz mövqeyimi əldən verməmək üçün əlimdən gələni edəcəm ki, komandanın əsas heyətində oynayım. 
 
- “Simurq”a gələndə zədə ilə bağlı bir az problemlərin var idi. 
- Hər şey keçib getdi. Elə bir ciddi problem yox idi. 
 
- “Qəbələ” ilə müqayisədə “Simurq”da özünü necə hiss edirsən?
- Hələ komandaya yeni gəlmişəm. Birinci ildi. Münasibətlərim yaxşıdı. Anar Bəkirovu da “İnter”in vaxtından tanıyırdım. Çixradzenin özünü də çoxdan tanıyıram. Elə bir komandaya gəlmişəm ki, mənə o qədər də yad deyil. Doğma kimidi. Yəni tanıdığım insanlardı. Düşünürəm ki, uğurlu olar.  
 
- Ötən mövsümdə “Simurq”dan 19 futbolçu getdi. Komandanın heyətinə çoxlu gənc oyunçular cəlb olundu. Səncə, bu heyətlə komandanın qarşısına nə məqsəd qoyulub, hədəf nədir?
- Konkret rəhbərlik səviyyəsində söhbət olmayıb. Təbii ki, hər bir klub istəyər ki, avrokuboklarda iştirak etsin. O cümlədən də “Simurq”. Bu il çempionata uğurlu başlamışıq. Məqsədimiz, klubumuz yaxşıdı. Futbolçu baxımından individual götürəndə onların səviyyəsi normaldı. Bu da kluba imkan verir ki, normal yer üçün oynasın. Qaldı ki, belə, onu çempionatın gedişatı göstərər. Biz də əlimizdən gələni edirik ki, “Simurq” uğurlu bir yer tutsun. Həm öz futbolçularımızın, həm də klubun imici baxımından. 
 
- Keçən il “Simurq” çempionatın ən sürpriz komandalarından oldu. Bir çox güclü klubları qabaqladı. Bu il klubdan bundan daha yaxşı nailiyyət gözləmək olarmı?
- Təbii ki, bu futboldu. Futbolda hər şey olur. Keçən il çempionat başlayanda bəlkə də heç kim deyə bilməzdi ki, “Simurq” ilk “altılığ”a düşəcək. Yenə deyirəm bu, nəinki futbolçunun, ümumilikdə komandanın istəyindən asılı olan bir şeydi. Klub istəkli, potensiallı komandadı. Niyə də olmasın. Keçən il komanda 4-cü yer tutub. Bu il isə daha da irəli gedib, daha da uğur qazanacaq. 
 
- Qarşıda “Xəzər Lənkəran”la oyun var. Səfər oyunu haqqında fikirlərin?
- Bildiyiniz kimi, “Xəzər Lənkəran” çox səviyyəli klubdu. Futbolçu baxımından, klubun maliyyə durumu – hamısı çox səviyyəlidi. Bilirik ki, oyun ağır keçəcək. Sadəcə olaraq onlarda Avroliqa oyunlarından sonra ruh düşkünlüyü var. “Sumqayıt”la oyunda da bəlli oldu. Buna baxmayaraq biz bu şeylərə arxayın olmamalıyıq. Çünki “Xəzər Lənkəran” elə “Xəzər Lənkəran”dı. Evdə o qədər azarkeş qarşısında oynayacaqlar. Biz də gedib öz oyunumuzu oynayacağıq. Heç kimə baxmırıq ki, rəqib “Xəzər Lənkəran”dı və ya “Neftçi”di. Öz oyun üslubumuzu yeridib yəqin ki, 3 xalı qazanarıq. 
 
Raifə İBRAHİMOVA

Xəbər xətti