Cavid İmamverdiyev: "Arzum odur ki, mənim qarşımı heç kim kəsməsin"
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin Sportal.az saytına müsahibəsi
- Artıq Premyer Liqa başlayıb. İlk turda “Neftçi” AZAL-la oynadı.
- Fikrimcə, komandamızın oyunu çox yüksək səviyyədə alındı. Daha artıq qollar vura bilərdik. Amma rəqib qapısından 4 top keçirə bildik. Oyunun ikinci hissəsində bir az arxayınlaşdıq. Məncə, bu səbəbdən qapımızdan bir top buraxdıq. Amma ondan sonra özümüzə gəldik. Oyunda daha artıq qol vura bilərdik. Amma oyun 4:1 hesabı ilə qurtardı.
- Böyükağa Hacıyevin gedişindən sonra ilk dəfə Tərlan Əhmədovun rəhbərliyi altında meydana çıxdınız. Əhmədov sizə Hacıyevdən fərqli nəsə demişdi?
- Fərqlilik deyəndə ki, taktiki gedişləri bizə demişdi ki, filan-filandı. Lövhədə də göstərmişdi. Fərqli bir dənə o idi. Həm də ki, Tərlan Əhmədov, Kamal Quliyev, Bəxtiyar Musayev cavan məşqçilərdi. Cavanların tərəfindədirlər, onlara dəstək olurlar. Bu da bir tərəfdən yaxşıdı. Mən inanıram ki, məşqçilərimiz “Neftçi”ni çempion edə biləcək. Onlar qalsa, sevinərəm.
- İnanırsan ki, Tərlan Əhmədovun başçılığı altında keçən ilki uğuru təkrarlayacaqsız və bu mövsüm yenə çempion olacaqsız?
- Əlbəttə, inanıram. Mənim fikrimcə, Tərlan Əhmədov güclü məşqçidi. Məşqləri də çox maraqlı gedir. O gələndə, məşq edəndə məndə məşqə daha da həvəs artır.
- Çoxdan əsas heyətdə görünməyən Cavid İmamverdiyev AZAL-la oyunda əsas heyətdə meydana çıxdı. Bundan sonra səni tez-tez meydanda görəcəyik?
- Mən də bunu çox istəyərəm. Bu il qarşıma məqsəd qoymuşam ki, stabil oynayacam. Bir dənə arzum odur ki, mənim qarşımı heç kim kəsməsin, yəni qırağa atmasınlar, oynayım.
- “Skenderbeu” ilə oyunlarda çoxları Böyükağa Hacıyevi qınayırdı ki, Bahodir Nasimova niyə şans vermir. Nasimovun AZAL-la oyunda fərqlənməsi bu sözlərin hardasa doğruluğunu göstərir. Bu barədə nə deyə bilərsən?
- Mən Bahodir Nasimovu həmişə güclü futbolçu olaraq tanımışam. Nasimov gələndə başqa oyunçu idi. Sonra indi zədədi, hamının, hər bir futbolçunun başına gələ bilər. Bilirsiz, futbolçunu bir dəfə görmüsənsə, bu adam oynayıb, zədələnir, yenidən özünə gələndən sonra sən ona inanmırsan, oyuna buraxmırsan. Bu da istər-istəməz futbolçuya təsir edir. Bahodir də pis olurdu. Hiss olunurdu ki, o oynamaq istəyir. Mən inanırdım ki, Nasimov “Skenderbeu” ilə oyunda meydana çıxsa, onları darmadağın edər. Amma indi neyləmək olar? Baş məşqçidi, onun da öz fikri, öz qərarı var. Heç kim də onun qərarına müdaxilə edə bilməz. İnanıram ki, o, çempionatın axırına qədər qollarını sıralayacaq.
- Növbəti turda “Rəvan”la qarşılaşacaqsız.
- Çempionat bir az ağır keçəcək. 4 dövrə olacaq. Amma necə olur olsun, bu il çempion olmağa çalışacağıq. Qaldı ki, “Rəvan”la oyuna, hələ komandanı analiz etməmişik, görməmişəm. Yəqin ki, ya səhər, ya birisi gün disklərinə baxarıq. Onda mən nəsə deyə bilərəm. “Rəvan” həmişə nə olur olsun, mübarizə aparan komandadı. Fikrimiz onlardan da 3 xal almaqdı. Qarşıdan milli komandamızın da oyunu gəlir. Ona qədər özümüzə gələ bilərik. “Rəvan”ı da keçsək, yaxşı olar.
- Bu gün “Qarabağ” Avroliqada cavab oyununa çıxacaq. Onlar haqqında nə deyə bilərsən?
- Bir kəlmə ilə “əhsən” deyərəm. Həmişə “Qarabağ”ın tərəfində olmuşam. O komandaya inanıram. Orda çox güclü futbolçular var. Azərbaycanlı futbolçuları deyərdim - Qara Qarayev, həm “Qarabağ”ın, həm də milli komandamızın kapitanı Rəşad Sadıqov, Vüqar Nadirov, yəni çox adı çəkiləsi oyunçular var ki, mən onlara inanıram. Legionerləri də çox güclüdü. Məncə, “Qarabağ” bu mərhələni də keçəcək.
- “Neftçi”nin keçən ilki uğurunu “Qarabağ” təkrarlaya bilər?
- Əlbəttə. Mən istəyərəm olsun. Yəni paxıllıq etmərəm ki, “Qarabağ” uğurumuzu təkrarladı. Əksinə biz də onlara dəstək olmalıyıq. İstər-istəməz çempionatda rəqibimiz olsa da, komandamız oynayırsa, o Azərbaycanın adıdı, bizim adımızdı. Hamımız “Qarabağ”a dəstək olmalıyıq.
Raifə İBRAHİMOVA
saytlarin hazirlanmasi