"Qarabağ"ın qrupa düşməsini istəyərdim, amma..." MÜSAHİBƏ

17:17 - 11 Avqust 2013

Ceyhun Əzizli: "Ayntraxt" bu 5 komanda arasında "Sevilya"dan sonra ikincidi"
 
"UltrAslan" fan-klubunun rəhbəri Ceyhun Əzizlinin Sportal.az saytına müsahibəsi
 
- “Qarabağ” Avroliqanın “play-off” mərhələsində “Ayntraxt”la üz-üzə gələcək. “Qarabağ”ın qrupa düşmək şansını necə dəyərləndirərsiz?
- “Qarabağ”ın qrupa düşməsini istəyərdim. Amma onların rəqibi çox çətin komandadı. Bilirik ki, dünyanın ən güclü çempionatlarından birində iştirak edən “Ayntraxt”la oyun çox çətin olacaq. Onları keçə bilsələr, yaxşı olar. Baxmayaraq ki, rəqib çempionatın ilk turunda 6:1 hesabı ilə uduzub. Şansların dəyərləndirsək, mən deyərdim ki, 80-20-yədi. Məncə, “Qarabağ”ın 20 faiz şansı var. Ancaq çox istəyərdim ki, “Qarabağ” qrupda olsun. Çox təəssüf ki, Almaniya Bundesliqasının güclü komandasını “Qarabağ”ımız keçə bilməz. 
 
- Futbol mütəxəssisləri belə hesab edir ki, “Qarabağ”a 5 potensial rəqib arasından ən normal komanda düşdü. O vaxt Bakıdakı oyunda digər alman təmsilçisi - “Borussiya” ilə başabaş mübarizə aparıb...
- “Qarabağ” “Borussiya” ilə başabaş mübarizə aparmadı axı. 4-5 dənə qol buraxan komanda nə cür mübarizə apara bilər? Bakıda ən azından onlara 2 top fərqilə qalib gəlməliydik ki, o nəticəni, hesabı saxlayaq. “Qarabağ”ın rəqibi çox çətindi. “Ayntraxt” Bundesliqanın qollu oyun oynayan komandalarındandı. Hər oyunda qol vuracaq qədər güclüdü. Düzdü, könül istəyər ki, “Qarabağ” onları keçsin. Ancaq rəqibin şansını 80, “Qarabağ”ın şansını isə 20 faiz dəyərləndirərdim. 
 
- İlk oyunun Bakıda keçirilməsi “Qarabağ” üçün motivasiya baxımından üstünlük sayıla bilərmi?
- Yox, kaş birinci oyun səfərdə, ikinci oyun Bakıda olardı. Mənə elə gəlir ki, “Qarabağ” burda qol buraxmasa, nəyəsə ümid etmək olar. Amma həddindən artıq çox çətin olacaq. “Ayntraxt” o birilərinə nisbətən güclü idi. 
 
- Bəs “Nordşelland”, “Standart”, “Sevilya”, “Zalsburq”dan hansı düşsəydi, daha yaxşı olardı?
- Onların içində “Nordşelland” və “Standart” ola bilərdi. “Sevilya” heç, o komanda haqqında nəsə deməyə ehtiyac yoxdu. “Nordşelland”ın “Zenit”lə hər iki oyununa 90 dəqiqə baxmışam. Evində 0:1, səfərdə 5:0 hesabı ilə uduzdu. Buna baxmayaraq səmimi deyirəm, “Zenit”ə başağrısı oldu. “Ayntraxt” bu 5 komanda arasında “Sevilya”dan sonra ikincidi. Çünki bizim Bundesliqa komandasına qalib gələ biləcək klubumuz yoxdu. Bu həqiqətdi, reallıqla danışaq. Mən də istəyərəm ki, “Qarabağ” qrupa düşsün. Amma rəqib çox güclüdü: “Ayntraxt” Frankfurt. Elə adından bəllidi. 
 
Raifə İBRAHİMOVA

Xəbər xətti