Berti Foqts azərbaycanlı futbolçulara ilişdi

17:10 - 12 Avqust 2013

"Onu deyə bilərəm ki, fiziki hazırlıq istənilən səviyyədə deyil"
 
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts avqustun 14-də keçiriləcək Malta ilə oyun öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:
 
“Oyunçuları iş başında çox görmədiyim üçün onların hazırlığı barədə hələ bir söz deyə bilmərəm. Özüm son turun üç oyununa baxdım. Köməkçilərimlə söhbətləşmişəm. Müəyyən qədər hansı futbolçuların nə vəziyyətdə olduğunu anladım. Malta ilə oyun İsraillə DÇ-2014-ün seçmə mərhələ matçına hazırlıq baxımından bizim üçün mühüm əhəmiyyət kəsb edir.
 
Beynəlxalq oyunlar futbolçular üçün vacibdir. “Qarabağ”ın futbolçuları sevinsin ki, belə matç öncəsi yığmaya çağırılıblar. Almaniya millisi avqustun 14-də Paraqvayla oynayır. Onda baş məşqçi Yoahim Löv “Bavariya”nın futbolçularını çağırmasın? 
 
Mən həmişə sürətli oyunun tərəfdarı olmuşam. Köməkçilərimdən müəyyən məlumatlar almışam. Onu deyə bilərəm ki, fiziki hazırlıq istənilən səviyyədə deyil. Bilmirəm, bu, havaların isti olması, yaxud futbolçuların oruc saxlaması ilə bağlıdır.
 
Bu, beynəlxalq yoldaşlıq görüşüdür. İsraillə oyun öncəsi yoxlama görüşü keçirməli idik. Malta bir sıra komandalara qalib gəlib. Azərbaycan klubları da rəsmi oyun öncəsi yoxlama görüşlərində qüvvələrini sınayırlar. 
 
Mənim AFFA ilə müqaviləm bitir. Hüququm var ki, başqa təkliflərə baxım. Eləcə də, AFFA-nın. Mən işə başlayanda, meydançalar yox idi. İndi isə vəziyyət tam fərqlidir.
 
Mən futbolçuları, əsasən cinah oyunları iş başında görmək istərdim. Əsas da uzun fasilədən sonra milliyə qayıdan Ufuk Budakla Əfran İsmayılovu. İsraillə matça gəlincə, “Xəzər Lənkəran” bu yaxında İsrail komandası ilə oynamışdı. Hesab neçə olmuşdu? Nəzərə alın ki, mən azərbaycanlı futbolçularla oynayacağam". 

Xəbər xətti