Startda 2 məğlubiyyət
Premyer Liqanın 2013/2014-cü il mövsümünün startı mükafatlara iddialı paytaxt klubları – “Bakı” və “İnter”in uğursuzluğu ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, hər 2 klub startda minimal fərqli məğlubiyyətlərə üzülərək özləri üçün ənənəvi olmayan autsayderlər sırasına düşdülər.
1999/2000-ci il mövsümündə güclülər dəstəsində “Xəzər Universiteti” adı ilə debüt edən və elə ilk 2 oyunda məğlub olan komanda “İnter”ə çevrildiyi 2004-cü ilin yayına kimi belə uğursuzluqla üzləşməmişdi. Bakılılar 2000/01-də 3, 2001/02-də 4, 2003/04 mövsümündə ilk iki turda 1 xal qazanmışdı. 9 il əvvəl adını dəyişib özü üçün yeni tarixə başlayan “İnter” ilk 7 mövsümündə ilk 2 matçda ən azı 1 qələbə qazanırdı. 2007/08 mövsümündə isə onların qazancı 6 xal olmuşdu. Ötən il də startda qələbə qazana bilməyən “İnter” 2 görüşdə 1 xal əldə edə bilmişdi. Bu dəfə isə indiki adı altında ilk dəfə, ümumilikdə isə 14 ildən sonra ardıcıl 2 yenilgiyə üzüldü.
“Bakı” üçün isə uğursuz start artıq ənənəvi hal alıb. Ardıcıl 4 mövsümdür ki, ilk 2 matçda paytaxtın eyniadlı təmsilçisi qələbə qazanmır. Ötən 2 mövsümdəki start heç-heçələrlə əlamətdar olmuşdu. 2010/11 mövsümünə isə indiki kimi məğlubiyyətlərlə başlayan “Bakı” 3 ildən sonra eyni uğursuzluğa üzüldü. Klub tarixinin daha 3 belə startı isə “Dinamo” və ya “Dinamo-Bakılı” adlandığı dövrlərə təsadüf edib. 1999/2000, 20001/02 və 2003/04 mövsümlərində komanda ilk 2 görüşdən sonra hesabına xal yazmamışdı.
saytlarin hazirlanmasi