"Xəzər Lənkəran" yaxşı yerlər uğrunda mübarizə aparmalıdı" MÜSAHİBƏ

16:11 - 13 Avqust 2013

Rasim Ramaldanov: "Bu işlərə mən qarışa bilmərəm"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun Sportal.az saytına müsahibəsi
 
- "Simurq"la keçirdiyiniz oyunla bağlı danışardın. İlk dəfə “Xəzər Lənkəran”ın heyətində keçmiş komandana qarşı oynadın. Nə hisslər vardı və oyun necə keçdi?
- Bəli, “Simurq”a qarşı mən ilk dəfə idi ki, oynayırdım. Özümü toparlayıb bu oyuna hazırlaşmışdım. Yaxşı oyun oldu, bol şanslarımız oldu. Amma təəssüflər olsun ki, qol vura bilmədik.
 
- Demək olarmı ki, komandanın hücum xətdində problem var?
- Bu işlərə mən qarışa bilmərəm. Bizim məşqçimiz var və o bunların hamısını bizdən yaxşı bilir.
 
- “Xəzər Lənkəran”da nə problemlər var?  Nə üçün qələbə qazana bilmədiniz?
- Biz "Simurq"la pis oynamadıq. Bir neçə yaxşı qol imkanımız oldu. Sadəcə qol vura bilmədik. Başqa nə deyə bilərəm?
 
- Komandanın hələ də 8:0-lıq məğlubiyyətin psixoloji təsirində olduğunu demək olar?
- Mən deyərdim biz artıq yavaş-yavaş özümüzə gəlirik. "Simurq"la oyun da bunu göstərdi. Ümid edirik ki, daha yaxşı olacaq.
 
- Səncə, komandaya yeni futbolçular cəlb olunmalıdır? Çünki komandadan 4 futbolçu gedib...
- Mən məşqçinin işinə qarışmaq istəmirəm. 
 
- Çempionat yeni başlasa da, artıq komandaların gücləri bəllidir. “Qarabağ”, “Qəbələ” və “Neftçi” itkisiz irəliləyir. Amma “Xəzər Lənkəran” iki oyunda xal itirib. Komanda bu mövsüm nəyə ümid edir?
- Bu komanda həmişə yaxşı yerlər uğrunda mübarizə aparmalıdı. Çünki futbolçu üçün nə lazımdırsa, hər şey bizdə var. Bunu da sübut edəcəyik.
 
- Con Toşakın sizə münasibəti necədir? “Makkabi” ilə oyundan sonra əsəbləşmişdi və hətta Bakıya sizdən ayrı gəlmişdi…
- Münasibətlər yaxşıdı. O oyundan sonra biz də əsəbləşmişdik. 
 
- Bildiyimizə görə, Con Toşak sizin qaldığınız bazanın divarına futbolçular üçün xüsusi qaydalar vurub. Bu nə dərəcədə doğru xəbərdir. Hətta ora pul cərimələrini də yazıb...
- Mənim fikrimcə, qaydalar və nizam-intizam bütün komandalarda olmalıdı.
 
- Toşak bu qaydaları məhz “Makkabi”yə məğlubiyyətdən sonra yazıb?
- Mən deməzdim ki, məhz o oyuna görə bu qaydalar qoyulub.
 
- Növbəti turda sizi daha çətin rəqib gözləyir. “Qarabağ”la oyun haqqında fikirlərin maraqlıdır. Belə bir çətin oyunda mövsümün ilk qələbəsini qazana biləcəksinizmi?
- Biz hər oyuna ümidlə çıxırıq. Fikrimiz də ancaq 3 xaldı. Həmin oyuna da bu motivasiya ilə çıxacağıq. Fürsətdən istifadə edib onlara da uğurlar arzulayıram. İnşallah, mərhələni keçib qrupa düşərlər.
 
- Çoxları artıq “Xəzər Lənkəran”ın qələbə qazanmasını sensasiya sayır. Belə bir komandanın qələbə qazanmasının bu gün mətbuatda, sosial şəbəkələrdə sensasiya sayılmasına səbəb nədir?
- Mənim fikrimcə, heç də sensasiya yoxdu. Azərbaycanda elə bir klub yoxdu ki, onu udmamaq olmaz. Bütün komandalar ilə oynamaq olar. 
 
- Azarkeşlərə növbəti oyunda qələbə qazanmaqla sindromu qıracağınıza söz verirsən?
- Necə söz verə bilərəm ki?
 
- Malta ilə oyun haqqında nə deyə bilərsən? 
- Malta ilə oyun bizim üçün çox önəmlidi. Birbaşa İsrail millisi ilə oyuna hazırlıqdı. Çalışacağıq ki, vəziyyətlərdən maksimum yararlanaq və azarkeşləri sevindirək. 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti