"Millinin Malta ilə oyunu mənim xoşuma gəlmədi"

13:42 - 15 Avqust 2013

Ağasəlim Mircavadov: "Rauf Əliyevə görə çox sevindim"
 
“Hesab çox yaxşı, əla oldu. Mən deyərdim hesab 4 və ya 5:0 da olardı. Amma hesabdan əlavə mən birinci oyunu nəzərdə tuturam”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında əməkdar məşqçi Ağasəlim Mircavadov deyib. O, dünən baş tutan və 3:0 hesabı ilə millimizin xeyrinə başa çatan Azərbaycan – Malta oyununa belə şərh verib:
 
“Əvvəla oyun lazımdı. İkinci də əsas o idi ki, İsrailə qarşı hazırlaşırdıq. Amma bu heyətlə İsraillə oynamaq olmaz. Əsasən müdafiədə, hətta orta xətdə də problemlər var idi. Ümumiyyətlə heyətdə dəyişiklik olmalıdı. Çünki bu oyunla problemlər ortaya çıxdı. Hansı mənada? Müdafiədən hücuma çox gec keçirdik, əsasən birinci hissədə orta xətdə boşluqlar oldu, yəni mərkəz və dayaq yarımmüdafiəçiləri çox hücuma meyilli idilər, yerlərində oynamırdılar. İsraillə belə oynamaq olmaz. Onların qurduğu hücumları başqa komanda qursaydı, qolla nəticələnə bilərdi. Bunu Foqts da gördü, başa düşdü. Amma hazırda 3:0 çox gözəl hesabdı. Məni çox sevindirdi ki, komandada qələbə ruhu oldu. O qələbə ruhunu İsraillə oyunda da saxlamaq lazımdı. O yığma ilə qələbə uğrunda mübarizə aparmaq lazımdı, məğlubiyyət yox. Bir də Rauf Əliyevə görə çox sevindim. O oyunçu mənim çox xoşuma gəlir. Onun üzərində yaxşı işləmək lazımdır ki, çox gözəl hücumçu olsun. Dünənki qolu da mən deyərdim ki, çox əla alındı. Ən əsası odu ki, düşünülmüş halda topu küncə göndərdi. Bu da çox ağıllı hərəkətdi. 
 
Razıyam ki, Malta İsrail, Şimali İrlandiya deyil. Millinin Malta ilə oyunu mənim xoşuma gəlmədi. Məncə, oyunda boşluqlar çox idi. O boşluqları doldurmaq lazımdı. O boşluqları doldurmaq üçün də düzgün oynamaq lazımdı. Çünki hamımız hücuma gedirdik. Bu, yaxşıdı. Amma elə hücum olmalıdı ki, səhvlər olmasın. Bunu Berti Foqts da görürdü. Televiziyadan aydın görünürdü ki, o da hirslənirdi. Mən belə başa düşürəm ki, İsraillə oyunda tam başqa heyət olacaq”.   

Xəbər xətti