Rail Məlikov: "...kimsə kimisə özündən yüksək saymır"
"Qəbələ"nin müdafiəçisi Rail Məlikovun Sportal.az-a müsahibəsi
- Çempionatın iki oyununda – “Bakı” və “İnter”lə matçda hesabda geri olmağınıza baxmayaraq qələbə qazandınız. Buna səbəb nə idi?
- Artıq “Qəbələ”nin Azərbaycan Premyer Liqasında öz sözünü deməyinin vaxtıdı. Neçə ildi, 2005-ci ildən klub yaranıb, amma nailiyyəti yoxdu. Bu ildən də qarşımıza məqsəd qoyduq ki, ilk 3 yerdən birini tutmalıyıq. Rəhbərlik, klub prezidenti tərəfindən də deyilib ki, ilk 3 yerdən birini tutmalıyıq. Heç bir rəqibə “Qəbələ” klubu yuxarıdan aşağı baxmır. İlk oyunda komanda öz oyununu yaxşı sərgiləməsə də, geridə ola-ola 2 top vurub qələbə qazandı. Çox çətin oldu. Amma ikinci oyun komanda artıq 80 faiz, tam 100 faiz olmasa da, öz oyununu göstərməyə başladı. Bu ondan xəbər verir ki, geridə ola-ola önə keçmək, qələbə qazanmaq hər klubun işi deyil. Bizdə də o şey yaxşıdı ki, hesabda geridə olsa da, komanda ruhdan düşmür, öz oyununu axıra qədər göstərir.
- Hamı deyir ki, “Qəbələ”nin hər iki oyunda fasilədən sonra qələbə qazanmasında Syominin dahiliyi öz sözünü dedi. Baş məşqçi sizə fasilədə nə deyir ki, meydana çıxıb tamam fərqli oyun sərgiləyirsiz?
- Düzdü, o elə məşqçidi ki, bəzi məşqçilər kimi geridə olanda fasilədə komandanı çox sıxmır. Əksinə, inandırır ki, bu komanda çox şeyə qadirdi, çıxıb oyunun taleyini həll edə bilər və qələbə qazanar. Syominin həm dəyişiklikləri, həm komandaya ruh, inam verməsi baş məşqçinin peşəkarlıq cəhətdən özünü təsdiq etməsi deməkdi. Onu deyə bilərəm ki, düzgün qərarlar verir.
- Çoxları deyir ki, bu il çempionluq mübarizəsi “Qəbələ”, “Qarabağ” və “Neftçi” arasında olacaq. Hər üç komanda iki oyunda qələbə qazanıb. Səncə, bu fikirlər doğrudu ki, çempionluq bu komandalar arasında gedəcək?
- Belə götürəndə “Qarabağ” və “Neftçi” həmişə çempionluq üçün oynayan komanda olub. Düzdü, ilk 3 yeri biz bölüşdürürük. Bu da komandaların iddialı olmağını göstərir. Amma mən belə düşünmürəm ki, ilk 3 yer uğrunda məhz bu komandalar mübarizə aparacaq. Çempionat, marafon böyükdü. Hələ iki oyun olub. Çempioluq üçün oynayan başqa klublar da var. Məğlub olmalarına baxmayaraq onları da yaddan çıxarmayaq. Onlar da öz iddialarını növbəti mərhələlərdə ortaya qoyacaq. Mən öz klubumuzu deyə bilərəm ki, ilk 3 yerdən birini tutmalıyıq. Həmçinin kuboku da yaddan çıxarmaq lazım deyil.
- “Neftçi”də oynayanda çempionat “altılıq” sistemi ilə keçirilirdi. Artıq 4 dövrəli sistem olacaq. Ümumiyyətlə yeni format haqqında nə deyə bilərsən?
- İlk öncə “altılıq” sistemi də normal qarşılanmırdı. Amma sonra normal göründü, komandalara, oyunçulara xeyir verdiyini göstərdi. İlk dəfədi ki, bu sistemlə oynayırıq. Hələ ki, təzədi. Amma maraqlı görünür. Yəqin ki, yaxşı olar.
- “Qəbələ” bu il ən yaxşı transfer edən klublardandı. Komanda yeni legionerlər heyətə qatdı. Amma təcrübəli futbolçu kimi, səncə, komandada nə kimi problemlər var?
- Komandada problem tapmaq mümkün deyil. Legionerlərimiz yaxşıdı. Yerli futbolçularla uyğunluq yaxşı qurulub. Əvvəlki “Qəbələ”yə baxanda komandada legioner və yerli futbolçular arasında ab-hava çox yaxşıdı. Əvvəl deyirdilər ki, klubda nəsə olub, ayrı-seçkilik var. Amma indi hamı bir yumruq kimidi, bir məqsəd uğrunda mübarizə aparır. Klubun içində nəsə problem tapmaq mümkün deyil ki, ya legionerləri, ya da yerliləri pisləyəsən. Başqa bir problem yoxdu.
- Yuri Syomin komandaya yaxşı nizam-intizam gətirib...
- Yəni, komandanı elə yönəldib ki, kimsə kimisə özündən yüksək saymır. Çoxu da peşəkar futbolçulardı. Ona görə də hamı bilir ki, necə başlasa, axıra qədər də elə gedəcək.
- İcraiyyə komitəsinin iclası keçirildi və yeni qərarlar verildi. Verilən qərarlardan biri o idi ki, legioner limiti azaldıldı, 5 yerli oyunçu meydana çıxmalı və bunların ikisi 1993-cü il təvəllüdlü olmalıdı. Bu qərarı necə qarşılayırsan?
- Qərar artıq təsdiqlənib. Yəqin ki, Azərbaycan futbolunun inkişafına görədi. Azərbaycan futbolunun gələcəyinə görə yaxşı olmalıdı. İrəli addım olacaq ki, ona görə də təsdiqləyiblər. Bu barədə başqa bir şey deyə bilmərəm.
- Milli komandanın oyununu yəqin ki, izlədin. Millinin Malta ilə oyunu necə alındı?
- Bəli, izlədim. Malta qələbə qazanılmalı yığma komanda idi, qələbə də qazandılar. Buna görə də onları təbrik edirəm.
- Yenidən milli komandada oynamaq istərdin? Nə vaxtsa təklif gələcəyini gözləyirsən?
- Əlbəttə, hər bir azərbaycanlı futbolçunun arzusudu ki, milli komandada oynasın. Az-çox millidə 43-44 oyun keçirmişəm. Nə qədər də olmasa, hərdən yığma üçün adam darıxır. Ümid sonda ölür. Görək nə olur.
Raifə İBRAHİMOVA
saytlarin hazirlanmasi