“Neftçi” ilə oyuna tam hazır olacağıq" MÜSAHİBƏ

01:09 - 17 Avqust 2013

Adrian Skarlatake: "İnanıram ki, bu mövsüm azarkeşlərə çempionluq hədiyyə edə biləcəyik"
 
"Xəzər Lənkəran"ın mərkəz müdafiəçisi Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi:
 
- Artıq iki tur geridə qalıb. “Xəzər Lənkəran” gözlənilən nəticəni əldə edə bilmədi. Bunun əsas səbəbi nədir?
- Bu çempionata heç də uğurla başlamadıq. İki oyun oynadıq amma heç birində qələbə qazana bilmədik. Ancaq hər iki oyunda yaxşı oynadıq. Çempionatın ilk turları həmişə çətin olur. Komanda olaraq oyunlarda bəzi səhvlər etdik, biz öz üzərimizdə işləməliyik. Komandamıza yeni oyunçular gələcək və “Neftçi” ilə oyuna tam hazır olacağıq.
 
- Sabah“Qarabağ”la qarşılaşacaqsınız. Bu matç haqqında fikirlərin nədir?
- Biz çempionatın ən güclü komandasına qarşı oynayacağıq. Rəqibin güclü futbolçuları var. Ancaq biz də Bakıya yalnız qələbə üçün gəlmişik və bunun üçün də əlimizdən gələni edəcəyik. “Qarabağ”la oyunda qol fürsətlərinin 1-2-sindən istifadə etsək qələbə qazanacağıq.
 
- Arxada qalan iki turda biz gördük ki, “Xəzər Lənkəran” çoxlu qol epizodları yaradır ancaq bu epizodlardan yetərincə istifadə edə bilmir. Bunun səbəbi bəxtsizlikdir yoxsa hücumçuların qeyri-peşəkarlığı?
- “Simurq”la oyunda çox yaxşı oynadıq amma təəssüflər olsun ki, qol epizodlarından istifadə edə bilmədik. Mən fikirləşirəm ki, burada ən böyük amil bəxtsizlikdir.
 
- Komandanıza yeni hücumçu, Mbilla Etame qoşulub. Səncə, o, bu problemi həll edə biləcək?
- Etame professional futbolçudur. Komanda ona güvənir. Ümid edirəm ki, Etame bu problemi həll edəcək.
 
- Ötən il sərgilədiyin oyunla bu mövsümki çıxışınla böyük fərq var. Bunun əsas səbəbi nədir?
- Bəli, bunu mən də hiss edirəm. Bu mövsüm bir az əksikliklərim var. Bu mövsümə çox pis başladım, “Makkabi” oyununun təsiri hələ də keçməyib. Ancaq qısa zamanda əvvəlki formama qayıdacam.
 
- Bu il “Xəzər Lənkəran” çempion ola biləcəkmi? Nə fikirləşirsən bu haqda?
- Niyə də olmayaq. Qarşıda bizi 34 oyunluq marafon gözləyir. İnanıram, bu mövsümdə azarkeşlərə çempionluq hədiyyə edə biləcəyik.
 
- Son olaraq, azarkeşlərə nə demək istəyərdin?
- Biz Lənkəranda azarkeşlərlə görüşdük. Komandada olan vəziyyəti izah etdik. Onlar da başa düşdülər. Onlara bir şey deyə bilərəm, bizi bu yolda tək qoymasınlar. Mən azarkeşlərimizə inanıram.
 
Yusif HÜSEYN

Xəbər xətti