Qurban Qurbanov hardan tapmalıdı o futbolçuları? YAZI

23:10 - 17 Avqust 2013

Mindirmək istəyirdilər, amma gördülər ki, yuxudu

 

Cəmisi 5 ay bundan əvvəl qəbul etmişdilər bu qərarı. Onda hamısı bir ağızdan deyirdi ki, bu qərar Azərbaycan futbolunun, gənc futbolçuların inkişafına böyük təkan verəcək. Qərarı qoymadılar ki, minsin. Qüvvəyə. Avqustun 14-də qərarı dəyişdilər. AFFA-nın həşəmətli prezidenti Rövnəq Abdullayev qərarı qüvvəyə mindirməmiş düşürtməklərinə belə haqq  qazandırdı: «Klub rəhbərləri, mütəxəssislər bizə müraciət etdilər ki,  futbolçu qıtlığı ilə üzləşiblər. 21 yaşa qədər futbolçular azlıq təşkil etdiyi üçün, onlar komandanı formalaşdıra bilmirlər». 

5 ay bundan əvvəl birinci dəstə üçün tətbiq olunmuş yaş limiti-«komandaların start heyətində yaşı 21-ə qədər olan 8 futbolçu olmalıdı» qərarı minə bilmədi. 

 

Bunlar həmişə belədilər. Həmişə toydan sonra nağara çalırlar. Həmişə eşşəyi tərsinə minirlər, atı tərs nallayırlar. 

 

Hələ 5 ay bundan əvvəl qərarı mindirmək istədikləri vaxt klub rəhbərlərinin, mütəxəssislərin mövqeyini öyrənməliydilər. Hər bir qərar qəbul olunarkən yerli şərait, imkanlar nəzərə alınmalıdı axı. 

 

Elxan Məmmədov isə gecə yatıb yuxu görüb. Görüb ki, Azərbaycanda futbolla məşğul olanların sayı 50 minə çatıb. Yaşı 21-ə qədər olan futbolçular da qalıblar küçədə vəlleyli. Səhər gözlərini ovxalaya-ovxalaya cumub Rövnəq Abdllayevin yanına. Beləcə qarar vermişdilər. Mindirmək istəyirdilər. Amma gördülər ki, yuxudu. Azərbaycanda futbolçu nə gəzir. Futbolçunu gərək yetişdirəsən ki, olsun. 

 

5 aydan sonra I dəstə ilə bağlı yaş limitini dəyişdilər. Amma ardınca elita klublarına barmaq etdilər. Yenə də eşşəyə tərs minib gedirlər. Bir ildən sonra elita klubları da etiraz edəcək, düşəcəklər tərs mindikləri eşşəkdən. Rövnəq Abdullayev bir tərəfdən deyir ki, 21 yaşa qədər futbolçuların qıtlığı olduğu üçün I dəstəyə tətbiq etdikləri limiti dəyişməli olublar. Digər tərəfdən isə Premyer-Liqada legioner limitini 7+4-dən 6+5-ə endirirlər. Yerlilərə ayrılan 1 yeri də verirlər qıtlıq yaşanan 21 yaşa qədər futbolçulara. 

 

Bunlarda ağıl var? Bu addım klub futboluna vurulan öldürücü zərbədi. Qurban Qurbanov pul hərisi olan ortabab  yerli futbolçuları rədd edib əcnəbilərdən ibarət normal komanda qurub. Bir ildən sonra məcbur olub heyətə əl gəzdirməlidi. Ora məcburən 21 yaşa qədər bir futbolçu soxuşdurmalıdı.  AFFA prezidenti özü etiraf edib ki, bu yaşda futbolçuların qıtlığı yaşanır. İndi Qurban Qurbanov hardan tapmalıdı o futbolçuları? Birini start heyətinə salmalı, birinin adı ilk 18-də, (zədələnsə əvəz edə bilsin) olmalıdı. Hələ ehtiyat üçün üçüncüsünü də iştirak ərizəsinə salmalıdı. 21 yaşa qədər 3 futbolçu lazımdı Qurbana. Bütün elita klublarına isə azı 30. Bir ildən sonra bu qərarın fəsadı hiss olunacaq. Klub futbolunda nisbi irəliləyişin qarşısı alınacaq. Yaşı 21-ə qədər olan orta səviyyədən də aşağı istedada malik azərbaycanlı futbolçuların gəlhagəlidi. Onları 300-400 minlik müqavilələr, bahalı maşınlar gözləyir. Azərbaycanı da böyük məğlubiyyətlər, sadə və günahsız insanların belələrinin maşınları altında qalmaq təhlükəsi. Futbol cəhənnəmə, özünüzü təhlükdən qoruyun… 

 

Natiq Muxtarlı, “Rekord.az”

Xəbər xətti