Fərhad Vəliyev: "Ayntraxt"ı elə də şişirtmək lazım deyil" MÜSAHİBƏ

13:12 - 20 Avqust 2013

"Baş məşqçimiz Qurban Qurbanov da bunu xüsusilə vurğaladı ki, ... "
 
"Qarabağ"ın qapıçısı Fərhad Vəliyevin Sportal.az-a müsahibəsi
 
- Mövsümdə ilk oyununu keçirtdin. Qurban Qurbanov Varvodiçi qorumaq üçün belə bir addıma əl atdı, yoxsa məşqlərdə  özünü yaxşı tərəfdən göstərdiyin üçün start heyətdə yer aldın?
- Sözün düzü, hər bir məşqdə bütün qapıçılarımız oyunlara ciddi hazırlaşır. Bu oyunda da ola bilər ki, legioner limitinə görə qapıda mənə şans verildi. Bu baş məşqçinin qərarı idi. Biz bütün oyunlara ciddi hazırlaşırıq və kim oynayacaqsa, o da, sona kimi mübarizə aparmalıdır.
 
- “Xəzər Lənkəran” mövsümə uğursuz başlayıb. Siz oyundan əvvəl qələbə qazanacağınızı güman edirdiniz?
- Məşqçimiz də bizə tapşırmışdı ki, “Ayntraxt”la oyundan əvvəl bizim üçün əsas “Xəzər Lənkəran”la oyundur. Öz meydanımızda 3 xal bizə vacib idi. Bu oyunda da əlimizdən gələni etdik və qələbə qazandıq. “Xəzər Lənkəran” da son oyunlarda özlərini yaxşı tərəfdən göstərə bilmirdilər. Biz də bu qələbə seriyasını davam etdirmək istəyirdik.
 
- “Xəzər Lənkəran”ı rəqib kimi bəyəndin?
- Əlbəttə. “Xəzər Lənkəran”la oyunlarımız həmişə ağır keçir. Bu gün də iki hissədən ibarət bir oyun oldu. İlk hissəni biz yaxşı təsir bağışlamışdıqsa, ikinci hissə də “Xəzər Lənkəran”ın üstünlüyü şəraitində keçdi. 
 
- Bu qələbə “Ayntraxt”la oyunöncəsi komandaya əlavə stimul verə bilər?
- Baş məşqçimiz Qurban Qurbanov da bunu xüsusilə vurğaladı ki, “Ayntraxt”la oyundan öncə bizə bu qələbə lazımdı. 
 
- “Ayntraxt”ın “Bavariya” ilə oyununa baxdın? 
- İkinci hissəsinə baxa bildim. Gördüm ki, güclü rəqibə qarşı oynayacağıq.
 
- Ümumiyyətlə “Ayntraxt” sənə necə təsir bağışladı? Keçmək olar bu rəqibi?
- Əlbəttə. “Ayntraxt”ı elə də şişirtmək lazım deyil. Almaniyada ortabab klublardan biridir. Biz də əlimizdən gələni edəcəyik ki, evdə sərfəli nəticə qazanıb səfərdə büdrəməyək. 
 
Ayaz İBRAHİMOV

Xəbər xətti