"Sumqayıt"ın xəbəri yoxdu ki, Orxan Məmmədov ora nəyə gəlmişdi?" MÜSAHİBƏ

14:32 - 20 Avqust 2013

Zaur Əzizov: "Onun özü bilir ki, ora nə üçün gəlmişdi"
 
"Qəbələ"nin baş meneceri Zaur Əzizovun Sportal.az saytına müsahibəsi
 
- “Sumqayıt” – “Qəbələ” oyununda hakimin verdiyi bəzi qərarlar mübahisə doğurub. Ümumiyyətlə “Qəbələ” baş hakim Orxan Məmmədovun idarəçiliyindən narazı qalıb...
- Hakimin idarəçiliyi biabırçılıq idi. Konkret məqsəd “Qəbələ”nin uduzmağı idi. Çünki oyundan sonra epizodların təkrarına baxdıq. Hakimin gözünün qarşısında baş verən iki epizodda o, “Sumqayıt”ın qapısına penalti təyin etmədi. Bir epizod var idi ki, sözlə izah vermək çox çətindi. Həmin epizodda o, niyə orda dayanmışdı? Necə hakimlik idi, sözlə izah etmək çətindi. 
 
- Bildiyimizə görə, həmin oyunda baş katib Elxan Məmmədov da iştirak edirdi. Klub rəsmilərindən kimsə ona iradını bildirdimi? 
- İndiyə kimi hər hansı bir nəticəsini görməmişik. Protokola da qeyd etdik. Amma belə deyək də bir var təcrübəsiz hakimdi, böyük təcrübəsi olmadığına görə, hər iki tərəf barədə dəqiq olmayan qərarlar verə bilər. İndiyə kimi belə hallar da olub. Amma həmişə göz yummuşuq. Mövsüm ərzində çox nadir hallarda hakimliklə bağlı bəlkə də uzun illər protokola heç nə yazmırdıq. O həddə çatdırır ki, əslən Qəbələdən olan Orxan Məmmədov sayəsində oyundan sonra demək olar ki, bütün gecəni epizodlara baxmaqla keçiririk. Sırf “Qəbələ”yə qarşı çıxardığı qərarlarda hər hansı məqam şübhə doğurmur. Epizod var ki, şübhəli olur. Amma bir də var ki, konkret Sumqayıtın hər yerindən görmək olardı ki, həmin epizodda rəqib oyunçu əllə oynayır. Video təkrardan da görünür ki, düz gözünün qarşısında olub. Oyunun ilk dəqiqəsindən komandamıza qarşı hər çaldığı fitə görə bizdə şübhələr var idi, yaranırdı. Oyundakı sarı vərəqələrə gəldikdə isə, “Sumqayıt”ın oyunçuları necə oynayırdı? Kobud oynayırdı. Bizim oyunçulara isə adi epizodlarda sarı vərəqə verirdi. Görünür ki, futbolçu əllə oynayır, kapitanımız Volodimir Levin əllə göstərir ki, oyunçu qaydanı pozur, hər hansı təhqiramiz söz işlətmir ki, çıxarıb sarı vərəqə verdi. İkinci sarı vərəqədən sonra kapitanı meydandan qovdu. Həm bu oyunumuzu bərbad günə qoydu, həm də növbəti oyunlarımıza təsir etdi. 
 
- Bəlkə də Orxan Məmmədov “Qəbələ”ni saxlamaq üçün ora göndərilib. Belə demək olarmı?
- Onun özü bilir ki, ora nə üçün gəlmişdi. İndi mən durum deyim ki, “Qəbələ”ni saxlamaq üçün, ya nəyəsə görə gəlib. Yüz Orxan kimisi olsun “Qəbələ”ni yenə də saxlaya bilməz. Belə hakimlik olmaz. 
 
- Baş məşqçi Yuri Syomin hakimliklə bağlı nə dedi?
- O çalışır ki, hakimlərlə bağlı reaksiya verməsin. Oyun olar ki, şübhəli məqamlar olsun, həmin vaxt nəsə fikir soruşmağa ehtiyac görərsən. Amma belə oyunda nəsə yoxdu ki, baş məşqçinin fikrini öyrənək, burda hər şey açıq-aydın görünür. 
 
- “Qəbələ” futbolçuları stadionun ot örtüyündən də narazı olublar... 
- “Sumqayıt”da əzmkarlıq, qələbə istəyi çox yüksək səviyyədə idi. Onların əzmkarlığı və istəyi bəlkə də bizim komandadan üstün idi. Yenə deyirəm “Sumqayıt” çıxdı və futbolunu oynadı. Böyük ehtimalla “Sumqayıt”ın xəbəri yoxdu ki, Orxan Məmmədov ora nəyə gəlmişdi. Heç bir halda məsələ ilə bağlı nəsə “Sumqayıt”ın da bağlılığının olduğunu demək istəmirik. O fikirlərdən çox uzağıq. Oyundan sonra onları da təbrik etdik, uğurlar arzuladıq. Bizim dərdimiz yalnız düzgün hakimliyin olmamağı ilə bağlıdı. Hesab 1:1 olanda “Sumqayıt”ın qapısına penalti təyin etsəydi, oyun tamam başqa məcrada davam edəcəkdi. Həm bu oyunu bərbad edirsən, həm də növbəti oyunda da komandanı kapitansız qoyursan. 
 
- Bununla bağlı rəsmi şəkildə PFL-ə müraciət olunub?
- Protokola qeyd etmişik. Biz məlumat verdik. Yəqin ki, Orxanın etdikləri onlara da pis təsir etdi. Yəni onların təyin etdiyi, böyük ümidlər bəslədiyi hakim oyunu çox bərbad idarə etdi. Deyirik ki, təcrübəsizdi. Amma bunun təcrübəsizliklə heç bir əlaqəsi yoxdu. PFL-ə də şikayətimizi bildirdik. Onsuz da protokola da rəsmi qeyd etmişik. Şifahi şəkildə də özlərinə çatdırdıq ki, idarəçilik bərbad idi. 
 
- Biz sözlə, “Qəbələ” Orxan Məmmədovun cəzalandırılmasını tələb edəcək...
- Bilirsiz, bizim onu tələb etməyimizə ehtiyac olmamalıdı. PFL də, Hakimlər Komitəsi də baxır. Özləri də görəcək ki, təktərəfli hakimlik necə olur. Deyirik ki, Orxan Məmmədov təcrübəsizdi. Amma o, təcrübə toplayıb ki, belə oyunlara çıxır. 
 
Şahin OĞUZ 

Xəbər xətti