"Çox maraqlı mövzudu, həm də çətin bir prosesdi"

16:04 - 21 Avqust 2013

Emin Abbasov: "Belə bir addım atılacaqsa, onu dərindən düşünmək lazımdı"
 
Bu gün bir çox klublar hakimlərin idarəçiliyindən narazılıqlarını bildirirlər. Əksər Avropa ölkələrində həmçinin qardaş Türkiyədə də Klublar Birliyi adı altında fəaliyyət göstərən qurum var. Belə bir təşkilatın ölkəmizdə də yaranması ilə bağlı Premyer Liqada çıxış edən klub nümayəndələrinin fikrini öyrəndik. 
 
“İnşallah, olar. Məncə, maraqlı ideyadı. Sadəcə burda əsas məqam həmin Klublar Birliyinin idarə olunma, fəaliyyət mexanizmini, effektivliyini necə təmin etmək olar? Onu oturub düşünmək və təşkil etmək lazımdı".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ" klubunun rəsmisi Emin Abbasov deyib. Abbasov bu ideyaya belə münasibət bildirib: 
 
"Elə bir adam, namizəd gəlməlidi ki, bu işlərdə adı yox, fəallığı olmalıdı, təşəbbüs göstərməlidi. Yəni mexanizm işləməlidi. Hələ ki, bu suala kor-koranə cavab vermək çətindi. Hər hansı bir qurumu yaratmaq asandı. Yaratdın, o da fəaliyyətsiz qalacaq. Nə xeyri oldu? Əsas odu ki, o qurumu yaradanda, nə məqsədlə yaradırsan? Birincisi, o məqsədi müəyyən etmək lazımdı. İkincisi, məqsədi müəyyən edəndən sonra idarə mexanizmi təşkil olunmalıdı. Üçüncüsü, o qurumun rəhbəri hansı şəkildə baş verənlərə münasibət bildirə bilər. Bunu ölçüb-biçmək lazımdı. Belə deyək də əgər belə bir addım atılacaqsa, onu dərindən düşünmək lazımdı. Bu quruma elə biri başçılıq etməlidi ki, o, AFFA-ya, AFFA da ona güzəştə getməlidi. Bu məsələ əməkdaşlıq səviyyəsində olmalıdı, bir-birilərinə dəstək olmalıdırlar. Mən düşünürəm ki, elə asan bir proses deyil. Bu məsələdə kifayət qədər düşünülməli və qərar verilməlidi. Mən belə başa düşdüm ki, 10 klub gərək bir namizəd seçsin. Məsələn, hər hansı bir adlı-sanlı klub rəhbərinin dediyi namizədə o biri klublar dəstək verəcək, ya verməyəcək, bilinmir. Elə də asan görünmür. Amma çox maraqlı mövzudu, həm də çətin bir prosesdi".  

Xəbər xətti