"Mənim epizodumda ciddi kobudluğa yol verilməmişdi" MÜSAHİBƏ

15:41 - 24 Avqust 2013

Məhəmməd Mirzəbəyov: "Uduzmağımızda və belə oynamağımızda özümüz günahkarıq"
 
"Sumqayıt"ın müdafiəçisi Məhəmməd Mirzəbəyovun Sportal.az saytına müsahibəsi
 
- AZAL-la oyunda məğlub oldunuz. Səncə, məğlubiyyətin səbəbi nə idi? 
- Rəqibimiz yaxşı oynadı. Birinci hissə pis təsir bağışladıq. Düzdü, hücumlar qururduq, amma yekun zərbəni vura bilmirdik. Həmçinin oyunda bizim əleyhimizə iki qırmızı vərəqə oldu. Düşünürəm ki, birinci epizodda qırmızı vərəqə verilməməli idi, həmçinin ikinci də də. 
 
- Orada qırmızı vərəqəlik epizod var idi...
- Bilmirəm. Əlbəttə, mən fikirləşirəm ki, həmin epizodda sarı vərəqə olmalı idi. Amma birbaşa qırmızı verildi. Bu haqda danışmaq mənə ağırdı. Məncə, orda sarı vərəqə var idi, qırmızı yox. Amma hakim belə qərar verdi. 
 
- Onda belə çıxır ki, hakim səhvə yol verib?
- Bunu mən deyə bilmərəm. Yəqin ki, rəhbərlik və baş məşqçimiz oyunun video yazısına baxandan sonra üzə çıxaracaq. Əslində isə mənim epizodumda bir o qədər ciddi kobudluğa yol verilməmişdi. Hər halda hakimin qərarı ilə barışmaq məcburiyyətində idik. Çünki meydanda qərarı hakimlər verir. Onun da səhv və ya düzgün qərar verdiyini Hakimlər Komitəsinin rəhbəri araşdırır. 
 
- “Sumqayıt”ın məşqçisi oyundan sonra deyib ki, bəzi futbolçularda ulduz xəstəliyi yaranıb. “Qəbələ” ilə oyundan sonra özlərini ulduz hesab edirlər...
- Düzü, mən bu deyə bilmərəm ki, bu, ulduz xəstəliyindən irəli gəlir, ya yox. “Qəbələ” ilə oyunda yaxşı uğur qazandıq, gözəl futbol nümayiş etdirdik. Bu oyunda məğlub olmağımızın səbəbini deyə bilmərəm. Amma ola bilər ki, psixoloji cəhətdən olsun. Qələbədən sonra bir qədər arxayınlaşma olur, bir qədər aldadıcı olur. Qələbədən sonra uduzmaq ağırdı. 
 
- Hətta baş məşqçiniz bəzi oyunçuların cəzalandırılacağını dedi. Buna münasibətin necədi? Aqil Məmmədov bu yöndə haqlıdı?
- O, komandanın baş məşqçisidi və istənilən halda qərarı verir. Ola bilsin ki, biz verilən tapşırıqları yerinə yetirə bilmədik. “Qəbələ” ilə oyundan sonra əhvalımız yaxşı idi. Bu oyunda da hər şey başqa cür ola bilərdi. Uduzmağımızda və belə oynamağımızda özümüz günahkarıq. Ona görə də növbəti oyunlara daha ciddi hazırlaşıb qələbə qazanmağa çalışacağıq.  
 
Şahin OĞUZ

Xəbər xətti