"Qarabağ" Qəbələyə uduzmaq üçün gedib

16:34 - 25 Avqust 2013

Qurban Qurbanov PFL-ə belə etiraz etdi
 
Bu gün Premyer Liqanın IV turunda baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunundan öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun Azərbaycan futbolu üçün nadir görünən addım atıb.  
 
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının bu qarşılaşmanın təxir salınması ilə bağlı “Qarabağ”ın müraciətini təmin etməməsi səbəbindən Qurbanov “Qəbələ” ilə oyuna ikinci heyəti aparıb. Demək olar ki, əsas heyət oyunçuları Bakıda saxlanılıb, yalnız Qara Qarayev Qəbələyə aparılıb.
 
Qurban Qurbanovun belə bir addım atmasına səbəb isə Avropa Liqasının “Ayntraxt”la Almaniyada keçiriləcək matça ciddi səviyyədə hazırlaşmasıdır. Məsələ burasındadır ki, “Qarabağ” Bakıdakı ilk oyunda almanlara 0:2 hesabı ilə uduzsa da, təkrar görüşdə bu məğlubiyyətin əvəzini çıxmaq, ən pis halda isə uduzmamaq hədəfini seçib.
 
PFL-in “Qəbələ” ilə oyunu təxirə salmaması səbəbindən “Qarabağ” əsas heyətin üzvlərini - Miro Varvodiç, Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli,  Ansi Aqolli, Corc Leroy, Riçard Almeyda, Cumbinyo, Nikolos Gelaşvili və Reynaldo Silvanı Bakıda saxlayıb. Onlar hazırda komandanın fiziki hazırlıq üzrə məşqçisi, bolqarıstanlı Çudomir Çakarovun rəhbərliyi altında məşq edirlər. “Qəbələ” ilə görüşdə isə “Qarabağ”ın ehtiyat və əvəzedici heyətin üzvləri çıxış edəcəklər. 

Xəbər xətti