Zaur Əzizov: "Bu dəqiqə belə bir şey yoxdu"
“Bir var epizod yaradırsan, vura bilmirsən, bir də var qapının qarşısından top qapıya getmir. İkinci hissə ilə bağlı məsələ yoxdu. Amma birinci hissə ilə bağlı məşqçilər korpusu ilə danışdıq”.
Bu sözləri Sportal.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib. Klub rəsmisi komandasının "Qarabağ"a məğlubiyyətinə belə münasiibət bildirib:
"Komanda daxilində oyun planında bəzi dəyişikliklərə ehtiyac olacaq. Məşqçilər korpusu məsələ ilə bağlı fikirlərini bildirdilər ki, nələr olmalı və dəyişilməlidi. Yəqin ki, növbəti oyunda bu çatışmazlıqlar aradan qaldırılacaq. Umumi götürəndə problem odu ki, komanda oyuna istənilən əhval-ruhiyyə ilə başlamır. Dünən gördük ki, “Qəbələ” oyunun sonuna qədər məğlub olmamaq üçün var qüvvəsi ilə mübarizə apardı. Bu o deməkdir ki, komanda fiziki cəhətdən çətinlik çəkmir, son dəqiqəyə qədər oynayır.
Dünənki ikinci hissə haqqında kiməsə və nəyəsə irad bildirmək, oyunu pisləmək düzgün olmazdı. Çünki komanda, futbolçularımız heç vaxt bu oyundakı qədər qol epizodu əldə etməmişdi. Yəni 100 faizlik epizodlar idi. Doğrudan da bəxtsizlik amili var idi. Bizim ikinci hissədə oynadığımız futbolu növbəti oyunlarda da davam etdirsək, yaxşı olar. Belə deyim də, ola bilməz ki, hər oyunda bəxtsizlik olsun və belə epizodları qola çevirmək mümkün olmasın. Əsas birinci hissəyə yaxşı başlamaqdı. Ola bilər ki, oyuna tam hazır olmamaq, tam köklənməmək məsələsi var. Onun üzərində məşqçilər işləyəcəklər. Düzdü, müdafiədə çox səhvlər olur. Bəlkə də bu, müdafiədə yeni futbolçuların yer almasından irəli gəlir. Futbolçuların müdafiə xəttində anlaşmaları istənilən səviyyədə deyil. Ümid edirik ki, növbəti oyunlara qədər bu problemləri həll edəcəyik. Yoxlama oyunlarında da məşqçilər korpusu ilə danışanda bu məsələdən narazı qaldıqları hiss olunurdu. Futbolçuların hamısı təcrübəli oyunçulardı və bu problemlərin öhdəsindən gələcəklər".
Əzizov “Yuri Syomin yeni futbolçu gətirəcəkmi?” sualını belə cavablandırdı: “Bu dəqiqə belə bir şey yoxdu”.
saytlarin hazirlanmasi