"Harda görülüb ki, diktora görə cəza verirlər"
“Mətbuat vasitəsilə İntizam Komitəsinin qərarları ilə tanış oldum. Çünki hələ bu, bizə rəsmi qaydada, məktub şəklində daxil olmayıb. Hesab edirəm ki, biz, klub və azarkeşlər üçün AFFA rəhbərliyi çox düzgün addım atıb”.
Bu sözləri Sportal.az-a açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Klub rəsmisi AFFA-nın “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən hadisələrə görə verdiyi cəzalara münasibət bildirib:
“Ən önəmlisi, ən diqqət çəkən odu ki, komanda növbəti ev oyunlarını öz stadionunda keçirəcək və azarkeşləri də gəlib komandalarına dəstək olacaqlar. Ən önəmli məsələ budu və buna görə də futbol klubu adından AFFA-ya təşəkkür edirik. O ki qaldı digər məsələlərə, onun bir neçəsinin kökünü araşdırmaq lazımdı. Mən hesab edirəm ki, dərin bir araşdırılma aparılmamış verilən qərarlardı. Nəyə görə? Bilirsiz ki, mətbuatda “Neftçi”nin “Xəzər Lənkəran” ünvanladığı məktub yer aldı. Oyundan qabaq ki, yəni biz azarkeşləri stadiona gətirməyəcəyik. “Neftçi” azarkeşi “Xəzər Lənkəran”ın stadionuna gəlməyəcək. Ancaq əfsuslar olsun ki, oyuna 20 dəqiqə, yarım saat qalmış “Neftçi” rəhbərliyi mənə, klub, stadion rəhbərliyinə zəng edir və deyir ki, bəs bizim 60-70 nəfər azarkeşimiz gəlib. Amma biz onları gətirməmişik. İstəyirik ki, onlar da stadionda otursunlar və komandalarını dəstəkləsinlər. İndi fikirləşin görək bu, nə dərəcədə peşakarlıqdı, məsuliyyətdi və düzgündü ki, oyuna yarım saat qalmış heç bir xəbər etmədən, özü də əvvəlcədən məktubda yazırsan ki, mən azarkeş gətirməyəcəm, gətirsəm,xəbər edəcəm. Amma birdən-birə azarkeş gətirirsən. Biz onlara yer ayırmalıyıq, mühafizə təşkil etməliyik, polis, daxili qoşunların əməkdaşlarına xəbər etməliyik ki, rəqib komandanın azarkeşi də gələcək. Çünki hər hansı bir iğtişaş baş verə bilər. Bu məsuliyyətsizlik hardan irəli gəlir? O adamlardan irəli gəlir ki, əvvəlcədən deməmiş, oyunun başlamasına az qalmış stadiona azarkeş gətirir. Belə məsələlər var. AFFA-nın Nizam-İntizam Komitəsi də belə məsələləri araşdırmalı idi. Çünki bu məktubun surəti AFFA-da da var. Mətbuat vasitəsilə də futbol ictimaiyyətinə çatdırılıb. Bu da ona əsas verir ki, belə şeylərin sonunda da kütləvi iğtişaşlar yaranır. Yenə deyirəm oyunun gedişatı zamanı nə oyunun hakimlərnə, nə futbolçulara, nə klub rəhbərliyinə, nə də komandaya – heç birinə xəsarət yetirilib. Onların üstünə heç bir yad əşya atılmayıb. Yəni bunların nəticəsində oyun yarımçıq dayanardı. Heç biri də baş verməyib. Nə baş veribsə, oyundan sonra stadion ətrafındakı küçələrdə baş verib. Bu gün qəzetdə də oxuyuram, cürbəcür şeylər mətbuatda yazılır. Vitse-prezident, klub rəhbəri olaraq mən və əməkdaşlarım öz azarkeşimin qabağına çıxdım və “Neftçi” azarkeşləri ilə üzbəüz olan sektorun qarşısında dayandıq. Azarkeşlərə imkan vermədik ki, onlar meydançaya qaçsınlar, oyundan sonra rəqib azarkeş tərəfə getsinlər. Mən onların qabağına çıxdım. Bəs rəqib komandanın rəhbərliyi durub niyə heç nə etmirdi? Bizim bir sektorda min azarkeş oturur. Mən iki sektorun azarkeşinin qarşısını alıramsa, 60-70 nəfəri gedib sakitləşdirmək olmazdı? Hansı ki, oturacaqları sındırıb bizim azarkeşlərin başının üstünə atırdı. Sonradan cürbəcür yazılar getdi ki, Tuyqun Nadirovun üstünə hücum çəkildi, guya azarkeşlər oyundan narazı idi. Bu da şifariş xarakterli yazılar idi. Bununla ictimaiyyəti yanlış tərəf yönləndirmək istəyirlər. Təsəvvür edin, o oyuna kim baxıbsa, hamı bilir ki, heç kim “Xəzər Lənkəran”ı pis oynamaqda ittiham edə bilməz. Oyundu, bir az da bəxt gətirmədi. Amma gözəl oyun oldu. Həqiqətən də Azərbaycan futboluna yaraşan oyun oldu. Hər kəs oyundan ləzzət aldı, gözəl ab-hava var idi. Nə qədər belə oyunların sayı çox olsa, o qədər “Qarabağ” kimi komandalarımızın Avroliqada sayı çox olar. Fərqi nədi ki? Sabah Avroliqada kim mərhələ adlasa, biz onun tərəfindəyik, dəstəkləyirik. Yenə deyirəm bu gün AFFA-da mən hesab edirəm ki, çox düzgün qərar idi ki, növbəti ev oyunları rəqib azarkeşsiz keçsin. O ki qaldı azarkeşlərin gedib-getməməyinə, biz söz deyim ki, tutaq ki, “Xəzər Lənkəran” Bakıda “Neftçi” və ya digər klublarla oynayır. Bizim azarkeş gətirməyimizə ehtiyac yoxdu. “Xəzər Lənkəran” bütün bölgələrdə sevilən və seçilən bir komandadı. Hər bölgədə onun özünün azarkeşləri var. Həmin azarekeşlər də “Xəzər Lənkəran” harda oynayır oynasın, biletini alır və stadiona gəlir.
Elnur Allahverdiyevin cəzasına gəlincə, apellyasiyaya şikayət edəcəyik. Ona görə ki, Araz Abdullayevin etdiyi hərəkət, o da futbolçudu, onun haqqında nəsə demək istəmirəm. Nə müzakirə edim, həmin epizodu hər kəs gördü. Hansı futbolçunun nə etdiyini hamı gördü. Demək istəyirəm ki, hakimlər də bu oyuna gələndə xususi bir tələb qoyulmalıdı ki, oyunu idarə edəndə diqqətli olsunlar. Onların qərarları ola bilər ki, bir balaca səhv, yanlış olsun, mən demirəm qərəzli, səhv qərarlara kütlə narazılıq edir. Artıq o kütlə idarə olunmaz kütləyə çevrilir. Ayrı-ayrı şəxslər də öz məqsədləri üçün həmin kütlədən istifadə etməyə başlayırlar.
Bizə pirotexniki vasitələrə görə cəzalara veriblər. Amma həmin vasitələr meydana oyundan sonra atılıb. Heç stadiona da atılmayıb. Sadəcə azarkeşlər arasında olub. Həmçinin diktora görə cəza veriblər. Harda görülüb ki, diktora görə cəza verirlər? Heç bir kluba indiyə kimi Azərbaycanda belə bir cəza verilməyib. Hətta Premyer Liqanın 2013-2014-cü il mövsümü üçün nəzərdə tutulan əsasnaməsində belə bir maddə yoxdu. Bilmirəm bunları hardan çıxarırlar. Biz bununla bağlı apellyasiyaya müraciət edəcəyik.
saytlarin hazirlanmasi