"Xəzər Lənkəran"la oyunda həyəcan da var idi" MÜSAHİBƏ

16:03 - 29 Avqust 2013

Cavid İmamverdiyev: "Bizimlə rəqabətdə yalnız "Qarabağ" olacaq"
 
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Sportal.az-a müsahibə verib. O, müsahibəsində böyük qalmaqallarla yadda qalan "Xəzər Lənkəran" - "Neftçi" oyunu, qarşıdan gələn "Bakı" ilə görüş haqqında və komandasının hücum xətdindəki vəziyyəti barədə danışıb. 
 
- Səfərdə “Xəzər Lənkəran”la heç-heçə oynadınız. Oyun haqqında fikirlərin... 
- “Xəzər Lənkəran” komandası da yaxşı oynadı. Çox qol epizodlarımız oldu. Qalib gələ bilərdik. İstərdik ki, o oyunda 3 xal qazanaq. 
 
- Epizodlara görə, rəqibin daha çox qol vurmaq şansları oldu..
- Düzdü, onlarda da şans çox oldu. Amma bizdə Ernest Nforun bir epizodu oldu. O epizod qol olmalı idi, amma yararlana bilmədik. İndi neyləmək olar? Həm də orda ajiotaj çox idi. Camaat da çox idi, "Xəzər Lənkəran"la oyunda həyəcan da var idi. Bəlkə də ola bilsin bu səbəbdən bizdə çox alınmadı. Yenə deyirəm biz o oyunu udmalıydıq. 
 
- Tahir Süleymanov “Xəzər Lənkəran” səfərindən sonra “Neftçi” futbolçularının çox həyəcan keçirdiyini və hələ də özlərinə gələ bilmədiyini deyib. Bu, hardasa sizə psixoloji təsir edib?
- Sözün açığı, mən bu barədə heç nə deyə bilmərəm. Çünki bizə klubdan tapşırıblar ki, heç kim nəsə barədə heç nə deməsin. Ona görə də üzrlü hesab edin. Bu haqda danışmaq istəmirəm. 
 
- Məsələ burasındadır ki, Süleymanov deyib ki, futbolçular növbəti tura – “Bakı” ilə oyuna hazırlaşa bilmir...
- Klubun vitse-prezidenti elə deyirsə, deməli, elədi ki, elə deyir. Mən başqa heç nə deyə bilmərəm.
 
- “Bakı” ilə oyundan nə gözləyirsən?
- “Bakı” ilə oyuna çox ciddi hazırlaşırıq. Udmaq, ancaq və ancaq udmaq haqqında fikirləşirik. Bu dəqiqə heç bir xal itirmək olmaz. Bu il də çempion olmaq istəyiriksə, hər oyunda qalib gəlməliyik. Ən azı 10 oyunda dalbadal udmaq lazımdır ki, xallarımız çox olsun. İkinci yerdə, bizi izləyən digər komandalardan bir az uzaqlaşaq. "Bakı"nı ancaq udmaq haqqında fikirləşirik.
 
- Rəqib son iki turda iki qələbə qazanıb...
- “Bakı” son oyunlarda çox yaxşı oynayır. Bu komandanın oyunu mənim də xoşuma gəlir. Keçən il “Bakı” belə oynamırdı. Amma indi baxırsan ki, komanda oynayır. Bəlkə də çempionatın əvvəlidi belədi. Belə görünür ki, gücü var, fiziki cəhətdən yaxşıdı, həm də komanda kollektiv oyun sərgiləyir. Bilirsiz ki, “Neftçi” komandası üçün fərq etmir ki, rəqib kimdi. Bizim də öz oyun üslubumuz var. Öz oyunumuzu oynasaq, alınsa, inanıram ki, “Bakı” ilə görüşdən 3 xalı biz götürəcəyik. 
 
- Nikolas Kanalesin yoxluğu “Neftçi”də görünürmü? Çünki komanda qol vurmaqda bir az çətinlik çəkir. 
- Sizə bir söz deyim, böyük klublarda əvəz olunmayan futbolçu yoxdu. Düzdü, Nikolas Kanales yaxşı futbolçudu. Onun hücum xətdində “Neftçi”yə çox xeyri dəyib. Amma “Neftçi”də əvəz edilməyən futbolçu yoxdu. Onun əvəzinə Bahodir Nasimov gəlib. Son turlarda dalbadal qollar vurdu. Düzdü, “Xəzər Lənkəran”la oyunda fərqlənə bilmədi. O, tamam başqa Nasimov olub. Məşqlərdə də görürsən ki, çox güclü olub. Sonra Melvin Platye, Ernest Nfor var. Yəni “Neftçi”də Nikolas Kanalesi əvəz edə biləcək futbolçular var. 
 
- Amma Bahodir Nasimov “Bakı” ilə oyunda olmayacaq...
- Bəli, bilirəm. Oynamayacaq.
 
- Bəs Melvin Platye yeni komandasına uyğunlaşa bilib?
- Hələ ki, yavaş-yavaş uyğunlaşır. Bir oyunçu kimi deyə bilərəm ki, o, yaxşı futbolçudu. Çünki hiss olunur. Məncə, o, qol vursa, ardı gələcək. Məşqdə də görürsən ki, bu insan öz üzərində işləyir. 
 
- “Neftçi” yenə də çempionluğa iddialıdı. Bəs bu sıralamada daha hansı komandanı görürsən? 
- Bizimlə bərabər fikirləşirəm ki, bir dənə “Qarabağ” olacaq. Çox çətin olacaq. Çünki hazırda Avroliqa oyunlarında oynayır. İstər-istəməz avrokuboklarda oynayanda təcrübə artır. Bizim çempionat Avroliqa ilə müqayisədə br az aşağıdı. Düzdü, o Avropa futboludu, bu isə daxili çempionatdı. Amma orda oynayandan sonra insanda əminlik olur, təcrübə artır. Avroliqada çətin komandalara qarşı oynayıb gəlib Azərbaycan çempionatında çıxış edəndə təcrübələri çox olur. Yenə də fikirləşirəm ki, bizimlə rəqabətdə yalnız “Qarabağ” olacaq. 
 
- İndi çempionatda lazımsız oyun yoxdu. Hər komanda hər oyunda məğlub olmamağa çalışır. Çempionatın yeni formatda keçirilməsi Premyer Liqaya təsir edəcəkmi?
- Sevindirici haldır ki, hazırda komandalar arasında rəqabət var. Əvvəl baxırdın “Turan”, “Kəpəz”, hətta “Sumqayıt”ın özü də belə pis vəziyyətdə idi. Onlara qarşı oynayanda bizim özümüzdə də olurdu ki, ikinci heyət meydana çıxırdı. Ona görə də oyuna maraq olmurdu. Amma indi rəqabət var. Rəqabət olanda, onlar hər bir oyuna çıxanda oyuna ciddi hazırlaşmaq lazımdı ki, bu komanda mübarizə aparan komandadı. Bu dəqiqə oyunlara da baxıram və görürəm ki, “Simurq”du, “Sumqayıt”dı yaxşı futbol oynayır və rəqabət aparırlar. Ona görə də çətin olacaq. Amma mən rəqabət apardığımız komanda kimi “Qarabağ”ı deyərdim. 
 
- Çempionlar Liqasında “Skenderbeu”ya məğlub oldunuz. Onları da “Şaxtyor” mübarizədən kənarlaşdırdı. Bu il Avroliqanın qrup mərhələsinə düşə bilərdiz?
- Fikrimcə, elə ola bilərdi. Neyləmək olar? Qismət. Çalışacağıq ki, bu il keçə bilmədiyimiz mərhələni gələn il keçək və səhvimizi yuyaq. 
 
Şahin OĞUZ

Xəbər xətti