Asif Məmmədov: "Qıraqdan çağırdıqları da göz qabağındadı"
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun Sportal.az-a müsahibəsi
- "İnter"in hazırki vəziyyəti elə də yaxşı deyil. Bununla bağlı nə deyə bilərsən?
- Vəziyyət elə də ürək açan deyil. Hələ "İnter" öz oyunu tapa bilməyib. Komanda pis günlərini yaşayır. Qarşıda 32 tur var və bu pis nəticələri növbəti oyunlarda unutmağa çalışacağıq.
- "İnter" öz oyununu tapa bilmir, yoxsa artıq rəqiblər sizin oyununuza bələddir?
- "İnter" öz oyununu tapa bilməyib. Biz çalışacağıq ki, köhnə "İnter" yenidən qayıtsın və çempionatda öz sözümüzü deyə bilək.
- Kaxaber Sxadadze ilə problemin var?
- Yox, mənim baş məşqçi ilə heç bir problemim yoxdu.
- Növbəti oyunda "Neftçi" ilə qarşılaşacaqsınız. Ümumiyyətlə komandada ab-hava necədir?
- "Simurq"a məğlubiyyətdən sonra bizdə istirahət olmadı. Məşqlərimiz öz axarıynan davam edir. Çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışırıq. Növbəti turlarda artıq pis nəticə əldə etmək istəmirik.
- Bir müddət zədədən əziyyət çəkdin. İndi zədən necədir?
- Zədəm tam sağalıb. Özümü komandama kömək etməyə hazır hesab edirəm.
- Milliyə həmişə olduğu kimi çağrılmadın. Bu barədə nə deyə bilərsən?
- Berti Foqts inadına davam edir. Çağırsaydı, gedib millidə iştirak edərdim. 5 ildi ki, Berti Foqts eyni komandanı çağırır. Kənardan çağırdıqları da göz qabağındadı.
- Berti Foqts milliyə futbolçuları oynadığı oyuna görə, yoxsa sifarişlə çağırır?
- Sifarişlə çağırır deyə bilmərəm, amma məncə Berti Foqts əvvəldən gəlib kimi görüb, elə onları da çağırmaqda davam edir. Mən 5 ildə ondan bir dənə də olsun yenilik görmədim.
- Artıq 2-3 oyundan sonra Berti Foqts millidən gedir. Sən bu posta kimi namizəd hesab edirsən?
- Məncə, bu yerli baş məşqçi olsa daha yaxşı olar. Çünki Foqts kimi gedib Almaniyada oturub 2 gün qalmış gəlib milli komandanı yığan əcnəbi məşqçi lazım deyil. Mən istəməzdim bu belə olsun. Millinin baş məşqçisi Azərbaycanda yatıb, burada da durmalıdır. Çempionatın bütün oyunlarını izləməlidir. Hətta gəlib məşqlərə də baxmalıdır. Berti Foqts milliyə oyunçuları çağırır, sonra gedir çempionatın oyunlarını izləyir.
- Əli Gökdəmir, Elhad Naziri, Rüfət Dadşov kimi futbolçular milliyə layiqdirlərmi?
- Mən də futbolçuyam. Bu həkarlarım barəsində nəsə bir fikir yürütməyin düzgün çıxmaz. Onu deyə bilərəm ki, layiqli futbolçuları Berti Foqts milli komandaya çağırmır. Mən özümü nəzərdə tutub demirəm. Məndən də yaxşı oynayan futbolçular milli komandadan kənarda qalıb.
- Milli komandamızın İsraillə oyunu barəsində nə deyə bilərsən?
- Çox çətin oyun olacaq. Onlara vacib xal lazımdı. Bu oyunda milli komandamıza uğurlar arzu edirəm.
Yusif Hüseyn
saytlarin hazirlanmasi