"Əsas odur ki, ilk qələbəmizi qazanaq"
"Xəzər Lənkəran"ın futbolçusu Zohair Benouhinin Sportal.az-a müsahibəsi:
- “Qəbələ” ilə oyun haqqında nə deyə bilərsən?
- “Qəbələ” ilə oyuna çox gözəl başladıq. İstədiyimiz oyunu oynaya bilirik, amma qol vura bilmirik. Bu oyunda da rəqib əks hücumda tutdu və hesabı açdı. İkinci qolu buraxdıqdan sonra, komandada “sınma” getdi.
- “Xəzər Lənkəran” qol epizodları yaradır amma qol vura bilmir. Bunun səbəbi nədir?
- Məncə, bəxtsizlik. Əgər oynaya bilməsək günah bizdədir amma yaxşı oynayırıq. Ancaq toplarımız dirəkdən qayıdır. Buna biz nə edə bilərik?
- Komandanız “Neftçi” ilə oyunda çox əzmkar mübarizə aparmışdı amma bunu “Qəbələ” ilə oyunda görə bilmədik. Bunun səbəbi nədir?
- Əsas səbəbi “Neftçi” ilə öz meydanımızda oynayırdıq. Həmdə “Neftçi” bizim əzəli rəqibimizdir. Biz məğlub ola bilməzdik. “Qəbələ” ilə səfərdə oynadıq.
- Hal-hazırda “Xəzər Lənkəran” turnir cədvəlində sonuncu pillədədir. Səncə, bu il çempionluq şansı var?
- Bəli, var. Çempionat hələ təzə başlayıb. İrəlidə bizi uzun marafon gözləyir. Əsas odur ki, ilk qələbəmizi qazanaq, sonra ardı gələcək
- Növbəti turda “Bakı” ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsən?
- “Bakı” güclü komandadır və indi də formadadır. Son oyunda “Neftçi”ni üç fərqlə uddular. Amma biz bu oyuna çox ciddi hazırlaşırıq və bu uğursuzluq tilsiminə bu oyunla son vermək istəyirik.
- Azarkeşlərinizə nəsə demək istəyirsən?
- Azarkeşlərimizə demək istəyirəm ki, bizi yalnız qoymasınlar. Hər bir komandanın çətin günləri olur. Azarkeşlər də çətin günlərdə bizlə bərabər olsunlar.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi