"Əsas heyətdə oynayanlardan özümü zəif hesab etmirəm"

14:54 - 6 Sentyabr 2013

Ağabala Ramazanov: "Əgər sonuncu yerdəyiksə, deməli biz günahkarıq"
 
 
"Xəzər Lənkəran"ın gənc hücumçusu Ağabala Ramazanovun Sportal.az-a müsahibəsi
 
 
- Hal-hazırda sonuncu pillədəsiniz. Bunun səbəbi nədir?
 
- Bugünki vəziyyətdə olmağımızda heç kimi günahlandırmaq lazım deyil. Əgər indi sonuncu yerdəyiksə, deməli biz günahkarıq. Amma hələ çempionat təzə başlayıb. Bu qara zolaqdan çıxacağımıza inanıram.
 
- Bu qara “zolaq”da olmağınıza “Makkabi” məğlubiyyəti səbəb ola bilər?
 
- Bilmirəm, komanda qələbə üzünə həsrətdi. Amma göstərdiyimiz futbol ondan xəbər vermir. Çünki hər şey edirik qələbə üçün. Amma axırda yenə də məğlub oluruq ya da ki, bir xal qazanırıq.
 
- “Qəbələ” ilə oyundan öncə “Neftçi” ilə qarşılaşdınız. Həmin oyunda da ən yaxşılardan biri sən idin. “Qəbələ” ilə matçda əsas heyətdə meydana çıxacağına inanırdın?
 
- Mən hər an hazıram, mənə 5-10 dəqiqə şans verilsə, canla-başla komandama kömək etməyə çalışıram. Amma əsas heyətdə oynayanlardan da özümü zəif saymıram. Yenə də son qərarı məşqçi verir. Məsləhət onundu.
 
- “XL” azarkeşləri səni daima meydanda görmək istəyir. Nildo son iki matçda yüz faizlik qol şanslarından istifadə edə bilmir. Bir hücumçu olaraq, onun qol vura bilməməsi haqqında danışardın.
 
- Kimin əsas heyətdə oynayacağı haqqında son qərarı baş məşqçi verir. Lənkəran camaatına dərin təşəkkürümü bildirirəm ki, daim mənə dəstək olublar. Mən də həmişə çalışmışam ki, onları məyus etməyim. Şükürlər olsun, bu günə kimi onlar üçün əlimdən gələni etmişəm
 
- Növbəti turda ciddi rəqiblərdən biri “Bakı” ilə qarşılaşacaqsınız. Bu barədə nə deyə bilərsən?
 
- Bilirik ki, “Bakı” güclü rəqibdir. Lakin biz meydana yalnız qələbə üçün çıxacağıq və qələbə qazanıb uğursuz gedişimizə son verəcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti