"Mənim üçün Premyer Liqadakı bütün komandalar eynidir"
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara Sportal.az-a danışıb. Legioner futbolçu komandanın bugünki durumu və çempionluq yarışı haqqında fikirlərini bildirib.
- “Xəzər Lənkəran” mövsümə çox uğursuz başlayıb. Buna səbəb nədir?
- Biz yaxşı komandayıq. Amma mövsümə doğurdan da pis başladıq. Hamı gördü ki, biz 5 oyunda heç də pis oynamırıq. Yaxşı oyun göstəririk. Amma qol baxımından əziyyət çəkirik. Bilmirəm buna səbəb nədir. Amma bir qələbə qazansaq, ardı gələcək.
- “Neftçi” ilə oyunda çox yaxşı oynadınız. Amma yenə də komanda qol vura bilmədi...
- Bilmirəm, həmin oyunda bəxt bizdən üz döndərmişdi. O qədər imkanımız oldu, topu hər yerə vurduq qapıdan başqa. Sanki qapı tilsimlənmişdi. Bəxtimiz gətirmədi.
- “Qəbələ” ilə oyunda da oyunun əvvəlində qol şanslarınız oldu, amma sonra məğlub oldunuz...
- Hesab edirəm ki, həmin oyundan danışmağa dəyməz. Yenə yaxşı oynadıq, amma alınmadı. Həmçinin meydanda üstün ola-ola qapımızıda gördüyümüz qol bizi ruhdan saldı.
- “Xəzər Lənkəran” Premyer Liqada sonuncudur...
- Bəli, bu çox pisdir. Biz adımıza layiq olan yerdə deyilik. Çünki həmişə çempionluq üçün oynamışıq. Bizim komandanın iddiası olub həmişə.
- Nildo son iki oyunda xeyli sayda qol imkanlarını boşa verib. Qalib gəlməməyinizdə onun böyük günahı var demək olarmı?
- Yox, təkcə Nildo günahkar deyil. Bütün komanda günahkardır. Əgər bu gün “Xəzər Lənkəran” qalib gəlmirsə, hamımız günhkarıq.
- Səncə, hələ də “Makkabi” ilə oyununun şokundasınız?
- Yox, artıq həmin oyunu yaddan çıxarmışıq.
- Elnur Allahverdiyevin komandadan qovulduğu deyilir. Nə baş verir komandada?
- Mən belə bir şey eşitməmişəm.
- Yeni iki futbolçu haqqında nə deyərdin? İspan və braziliyalı sizə kömək edə biləcəklərmi?
- Hər ikisi yaxşı futbolçudur. Onlar bizə kömək edəcəklər. İnanırıq ki, gücümüzə güc qatacaqlar.
- Lənkəran azarkeşləri səni çox istəyirlər. Onlara söz verirsən növbəti oyunda qalib gələcəksiniz?
- Əlbəttə, inanıram ki, qalib olacağıq. Onlar bizə güvənsinlər və dəstəkləsinlər.
- Texnikalı futbolçusan. Cinahda keçidlər edirsən. Komandan qol vura bilməyəndə, nə üçün mərkəzə çəkilib, keçidlər edib qol vurmağı düşünmürsən? Heç buna cəhd də etmirsən...
- O bir az çətindir. Çünki məşqçi verdiyi tapşırıqlar üzərində oyunu qururuq. Ona görə də mən onu edə bilmərəm. Ən yaxşısını Con Toşak bilir.
- Daha çox fərdi oyuna üstünlük verirsən. Bəzən ötürmə verməli oluğun yerdə ötürmə vermirsən...
- Oyunun gedişində belə şeylər olur. Amma baxın mən nə qədər mərkəzə ötürmələr verirəm.
- Növbəti turda “Bakı” ilə qarşılaşacaqsınız. Onlar son zamanlarda yüksəlişdədir. Hətta son oyunda “Neftçi”ni darmadağın ediblər.
- Həqiqətən onlar güclü komandadır. Amma “Xəzər Lənkəran” heç bir rəqibdən çəkinmir. Biz istənilən rəqibi məğlub etməyə hazırıq. Ona görə də növbəti oyunda ancaq qələbə haqqında düşünürük.
- “Xəzər Lənkəran” 5 turdan sonra cəmi 3 xal toplayıb. Liderlə aranızda 9 xal fərq var. Səncə, bu çempionluq yolunda sizə mane olmayacaq ki?
- “Xəzər Lənkəran” son ana qədər çempionluq uğrunda vuruşacaq. Hələ çempionat təzə başlayıb və qarşıda 31 tur var. Heç nə demək olmaz.
- Premyer Liqada ən güclü komandalara hansılardır?
- Mənim üçün çempionatda bütün komandalar eynidir. Hamısı ilə oyuna eyni cür hazırlaşıram.
- Azərbaycan milli komandasının İsraillə oyununa baxdın?
- Bəli, baxdım. Milli komandanız yaxşı oynadı.
- Rahid Əmirquliyevin milli komandada vurduğu qol “Xəzər Lənkəran”a müsbət təsir edə bilərmi?
- Əlbəttə, edər. O kapitanımızdır. Onun vurduğu qol komandamıza da müsbət təsir edəcək.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi