Şəhriyar Rəhimov: "O gələndə özü ilə futbolçular gətirdi"
AZAL-ın yeni transferi Şəhriyar Rəhimovun müsahibəsi
-Yeni komandadan işlər necə gedir?
-Hər şey istədiyim kimidir. Burda əvvəllər də oynamışam. Uşaqların çoxunu tanıyıram. Mehriban kollektivimiz var. Uyğunlaşmağımda da heç bir problem yoxdur.
-Birdən-birə nə oldu “Rəvan”dan ayrıldın?
-Mənim “Rəvan”dan ayrılmağımın yeganə səbəbkarı Vladislav Qədirov idi. Başqa heç bir şey.
-Nə problemin var idi onunla?
-Heçnə. O gələndə özü ilə futbolçular gətirdi. Mənə dedi ki, komandada qalsan, oynamayacaqsan. Ya get, ya da qal oynama. Elə qalmaqdansa, getmək daha yaxşı idi.
-Bəs rəhbərlik buna heç nə demədi. Axı ötən il komandaya çox kömək etmisən və əsas futbolçulardan biri olmusan...
-Rəhbərlik nə desin. Heyəti meydana baş məşqçi buraxacaq.
-AZAL çempionatda liderdir. Komandanız bu templə davam edə biləcəkmi?
-Davam etmək özümüzdən asılıdır. Yaxşı nəticəni davam etdirmək üçün hər oyuna yaxşı hazırlaşmalıyıq. Ona görə də öz üzərimizdə çox işləməliyik.
-Premyer Liqanın 4 dövrəli sistemlə keçirilməsi komandalara ağır olmayacaq?
-Oyunların sayı çoxalıb. Məncə, bu yaxşı haldı. Amma gələcəkdə istərdim ki, komandaların da sayı çoxalsın. Məsəl üçün ən azı 16 və ya 18 komanda olsun. Elə daha maraqlı olar.
-Çempionluq yarışında əsas yarışacaq komandalar hansılardır?
-İndidən nəsə demək olmaz. Hələ 31 tur var. Amma “Qarabağ”ı xüsusilə qeyd edərdim. Bu komanda baxımlı futbol oynayır.
-Elə son turda “Qarabağ”ı məğlub etmisiz. Bunu təsadüf saymaq olar?
-Heç bir təsadüfdən söhbət gedə bilməz. Çünki “Qarabağ”ı çox yaxşı təhlil etmişdik. Və seçilən taktika da öz sözünü dedi. Biz qalib gəldik.
-Növbəti tur “Qəbələ” ilə ağır oyununuz var...
-Çempionatda zəif komanda yoxdur. “Qəbələni”də məğlub etməyə çalışacağıq
Mənbə: Millifutbol.az