Əfran İsmayılov: "Bu, Azərbaycan adına sevindirici haldı"
"Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov Sportal.az-a müsahibə verib. Futbolçu müsahibəsində komandasının oyunlarına münasibət bildirib, qarşıdakı "Xəzər Lənkəran"la baş tutacaq oyun və millimizin İsraillə səfər matçı haqqında danışıb.
- “Bakı”nın arxada qalan 5 tur ərzində çıxışını necə dəyərləndirərdin? Halbuki komanda ilk iki turda uduzdu, sonradan 3 qələbə qazandı...
- Mən deyərdim normal oyunlar oldu. Baxmayaraq ki, ilk iki turda hələ uyğunlaşa bilməmişdik. Yəni komanda tam yığılmamışdı. Oyunçular öz düzgün mövqelərində oynadılmırdı. Məşqçiyə də tam öyrəşə bilməmişdik. Ona görə də belə bir şey gözlənilən idi. İki turdan sonra komanda yavaş-yavaş özünə gəlməyə başladı və qələbələrini sıraladı. Belə şeyləri unutmuşuq. Qarşıda bizi “Xəzər Lənkəran”la ağır oyun gözləyir. Yalnız bu oyun haqqında fikirləşirik.
- Son turda “Neftçi”ni darmadağın etdiniz. Heç kim belə bir nəticə gözləmirdi. “Bakı” elə bir futbol oynadı ki, “Neftçi” əl-ayaq açmağa imkan tapmadı. Bu oyun haqqında nə deyərdin?
- “Neftçi” həmişə liderliyə oynayan və çempion olan komandadı. Yəni iki il dalbadal çempion olublar. Hamı onların oyununa bələddi. Ola bilər ki, bəlkə o oyunda komandanın oyunu alınmadı. Bir az olsun dəyişikliklər var idi. Bu da bir az komandaya təsir etdi. Buna baxmayaraq biz də güclü idik, oyuna çox ciddi hazırlaşmışdıq. Çox istəyirdik ki, qələbə qazanaq. Çünki iki oyunda udmuşduq və ardını gətirmək istəyirdik. Öz meydanımızda oynadıq və öz oyunumuzu göstərdik. Ona görə də layiqli olan qələbəni qazandıq. Artıq “Neftçi” ilə oyunu unutmuşuq, qarşıdakı matça baxırıq.
- Oyunlardan da görünür ki, “Bakı” bu il çempionluğa oynayacaq. “Bakı”dan başqa hansı komandaları çempionluğa layiq görürsən?
- “Bakı” doğrudan da öz oynunu oynayır. Çempionluğu indidən fikirləşmək lazım deyil. Əsas öz oynumuzu oynamaqdı. Çempionluq isə gələcəyin işidi. İndi bizim qarşımıza məqəd qoyulmayıb ki, mütləq çempion olmalısan. Əsas məqsəd əvvəlki “Bakı”nı geri qaytarmaqdı. Komanda bir-birinə uyğunlaşdı və ən əsası öz oyunumuzu tapmağa başlamışıq. Oyunumuzu tapmağa başladıq deyə nəticə də gəlir. Daha yaxşı oynamaq üçün öz üzərimizdə çox işləməliyik. Amma çempionluğa oynayan komandalar həmişəki kimi ola bilər ki, “İnter” bir az kənarda qalıb, “Xəzər Lənkəran” necə oynayacaq görəcəksiz. “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” bunlar həmişə çempionluğa oynayan komandalar olub. Bu il də oynayacaqlar. Biz də onlardan geri qalmaq istəmirik.
- Qarşıdan “Xəzər Lənkəran”la oyun gəlir. Bu komanda 5 turda bir qələbə belə qazana bilməyib. Yəqin ki, rəqibi təhlil etmisiz...
- Əlbəttə, təhlil etmişik. Onların nəticəsi, bu durumu bizi aldatmamalıdı. “Xəzər Lənkəran” büdcəsi, futbolçuları və məşqçisi yaxşı olan komandadı. Xususilə də Lənkəranda oynayırlar. Azarkeş amili də çox böyük rol oynayır. Deyərdim ki, Azərbaycanda bir nömrəli azarkeşlər Lənkərandadı. Biz də Lənkərandan əliboş qayıtmaq istəmirik. Hələ çempionatın axırına nə qədər var. Ola bilər ki, onlar liderliyə belə yüksəlsin. Onlara 1-2 qələbə lazımdı ki, özlərini toparlasın. Biz də maksimum nəticə qazanmaq üçün əlimizədən gələni edəcəyik.
- “Qarabağ”da gördüyümüz Əfran İsmayılov sanki qayıdıb. Bunu gördük, gözəl qol vurdun. Ümumiyyətlə “Qarabağ”ın son oyunlarında zəif təsir bağışlayırdın. Amma indi əvvəlki Əfran İsmayılov qayıdıb...
- Öz üzərimdə çalışıram. “Qarabağ”da oynayan vaxt bir az problemim var idi. Futboldan çox uzaq düşmüşdüm. Futbol haqqında fikirləşə bilmirdim. Deyə bilərəm ki, çox bədbin idim və öz oyunumu tapa bilmirdim. Məsləhətləşdik, qərara gəldik ki, bəlkə komandanı dəyişsək, daha yaxşı olar və doğrudan da yaxşılığa doğru getməyə başladı. Problemlər arxada qalıb. İndi ancaq futbol haqqında fikirləşirəm. Bu da öz nəticəsini göstərir. Hələ öz üzərimdə çox işləməliyəm. İşləməliyəm ki, əvvəlki Əfranı az da olsa, qaytarım.
- Millinin heyətinə gedəndə zədələnmişdin. İndi zədən necə oldu?
- Zədəm yaxşıdı. “Rəvan”la oyundan sonra belimdə ağrı var idi. “Neftçi” ilə oyunda daha da şiddətləndi. Dedim ki, mənim getməməyim daha məsləhətlidi. Dincəlməyim daha məqsədəuyğun olar. Dincəldim, bu da mənə çox yaxşı təsir etdi. 4 gün məşq etmədim. İndi iki gündü məşqə çıxıram. Hər şey qaydasındadı. İnanıram ki, “Xəzər Lənkəran”la oyunda daha yaxşı, tam hazır olacam.
- Millinin oyunu haqqında nə deyərdin?
- Gözəl oyun sərgilədilər. Mən deyərdim ki, qələbəyə daha layiq bizimkilər idi. Baxmayaraq ki, onların meydanında oynayırdılar. Qalib də gələ bilərdilər. Çünki İsrail millisini mən heç vaxt belə görməmişdim. Amma yenə də İsraildən bir xal aldıq. Oyundan əvvəl demişdim ki, bir xal da qazansaq, bizim üçün böyük nəticədi. Əllərindən gələni etdilər, çalışdılar və bir xal aldılar. Bu, Azərbaycan adına sevindirici haldı. Bunları unudub Şimali İrlandiya və Rusiya ilə öz meydanımızda olacaq oyunu fikirləşməliyik. Ümid edirəm ki, bu oyunları maksimum nəticə ilə başa vurarıq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi