Azərbaycan çempionatları tarixində 7-ci nəticə

11:21 - 16 Sentyabr 2013

6-cı görüşdə ilk heç-heçə
 
Keçirdiyi son 25 qarşılaşmada bərabərliklə barışmayan "Rəvan"ın seriyası Premyer Liqanın 6-cı turunda qırılıb.
 
Sportal.az xəbər verir ki, “Qarabağ”la oyundan 1:1 hesablı “sülh”lə ayrılan bakılılar mövsümün 6-cı görüşündə ilk heç-heçəsini edib.
 
“Rəvan” sonuncu dəfə ötən mövsümün 11-ci turunda, oktyabrın 31-də “Turan”la bərabərə qalmışdı – 2:2. Bundan sonra nəticəsi ləğv olunan və texniki hesabın qeydə alındığı görüş sayılmamaqla bakılılar mövsümün son 20 matçında ya udub, ya uduzub. Ötən il noyabrın 4-də “Xəzər Lənkəran”la matçda (0:4) başlayan 25 oyunluq seriyada son matç avqustun 31-də “Sumqayıt”la səfər görüşü (1:0) idi.  
 
317 gündən sonra bərabərlik edən “Rəvan” Azərbaycan çempionatlarının tarixində 7-ci nəticəyə imza atıb.
 
Belə ki, “Şəfa” 51, “Gənclərbirliyi” 32, “Turan” 28, “Kür-Nur” 27, “Neftçi” və “Şirvan” (Şamaxı) 26 oyunluq seriya ilə “Rəvan”dan öndədir. 7-ci nəticəyə şərik olan “Rəvan” kimi “Avey” və “Xəzər” (Sumqayıt) də 25 matçlıq seriyaya malikdir.
 
Mütləq rekordun sahibi olan “Şəfa” hələ Azərbaycanın U-18 yığması kimi çempionata qatıldığı vaxt 51 ardıcıl görüşdə heç-heçə etməyib. 1996-cı il noyabrın 3-də Neftçalada “Pambıqçı” ilə 1:1 hesablı heç-heçə edən yığma 1996/97 mövsümünün yerdə qalan hissəsi və 1997/98 mövsümündə heç-heçə etməyib. 1998/99 mövsümünün əvvəllərində - 1998-ci il sentyabrın 23-də onlar OİK-lə qolsuz bərabərə qalıb. 

Xəbər xətti