Asif Məmmədov: "Göndərilən futbolçuların yeri görünür"
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov Sportal.az-a müsahibə verib. Təcrübəli futbolçu müsahibəsində komandasının uğursuz çıxış etməsinin səbəblərindən, zədəsinin nə yerdə olduğundan və qarşıdakı "Bakı" ilə oyundan söhbət açıb.
- "Neftçi" ilə oyunda da məğlub oldunuz. Oyun necə keçdi?
- İstədiyimiz kimi olmadı. Komanda şəklində meydanda mübarizə apara bilmədik. "İnter" son turlarda özünə yaraşan futbolu sərgiləmir. "Neftçi" ilə oyunda da müdafiədə boşluqlarımız var idi və rəqib də bundan istifadə edib qələbə qazandı.
- "İnter"in çempionatda 6 oyundan 1 qələbəsi var, qalan bütün oyunlarda məğlub olmusunuz. Komandada nə baş verir?
- Komandada heç bir problem yoxdu. Sadəcə olaraq oyunlarımız alınmır. Biz növbəti oyunda qalib gələ bilsək, bunun ardını gətirə biləcəyimizi düşünürəm.
- Son oyunlarda baş məşqçi Kaxabar Sxadadze meydanda çox aqressiv görünür. Bunun səbəbi nədi?
- Bizimlə problemi yoxdu. Əslində, onu başa düşmək olar. Komandası istədiyi oyunu sərgiləyə bilmir. Komanda uduzanda baş məşqçi pis olur. Kaxaber Sxadadze uduzmağı sevən məşqçi deyil. Ona görə də onun aqressivliyini hardasa başa düşmək olar.
- "İnter"ə qoşulan yeni futbolçular özünü doğrulda bilmir. Demək olar ki, komandada seleksiya işləri düzgün aparılmır. Sən buna necə münasibət bildirərdin?
- "İnter" bu il gözlədiyi transferləri edə bilmədi. Bəziləri təklifi qəbul etmədi, bəziləri isə Azərbaycana gəlməkdən imtina etdi. Biz başqa-başqa futbolçular gözləyirdik, amma bu transferlər reallaşmadı. Gələnlər də görünür ki, hələ komandaya uyğunlaşa bilməyiblər. Bəzi problemləri aradan qaldıra bilsək, çempionatda istədiyimiz yerlərdə olacağıq. İnanıram ki, bu il ən azından "İnter" Avroliqaya vəsiqə qazanacaq.
- Bir müddət zədəli oldun və zədəni sağaltdıqdan sonra hələ ki əvvəlki Asif Məmmədovu meydanlarda görə bilmirik. Nədir problemin?
- Mən çox ciddi zədə almışdım. Düz 1 ay komanda ilə məşq edə bilmədim. Hər bir futbolçunun başına belə hadisə gələ bilər. Heç kim zədədən siğortalanmayıb. Mən də öz üzərimdə çalışıram ki, komandama kömək edim.
- Sizin bu məğlubiyyətlərdə hakimlərin səhvi olub?
- Hakimliklə bağlı danışmaq istəmirəm. Mən deməzdim ki, biz hakimlərə görə məğlub oluruq. Düzdü, elə epizodlar olur ki, hakimlər səhv edir, amma bu məğlubiyyətləri hakimlərin adına yazmaq olmaz. Hələ ki "İnter" istədiyi oyunu göstərə bilmir. Biz növbəti oyunlarda qələbə qazana bilsək, hər şey unudulacaq.
- Yay "transfer pəncərəsi"ndə Levin, Niyasse, Nizami Hacıyev kimi əsas heyət futbolçuları göndərildi və onların yerinə yeni futbolçular gəldi. Səncə, göndərilən futbolçular olsaydı, "İnter" belə vəziyyətdə olardı?
- Mən hər yerdə demişəm ki, göndərilən futbolçuların yeri görünür. Onlara uyğunlaşmışdıq, bir-birimizi başa düşürdük. Biz elə bil meydanda gözüyumlu mübarizə aparırdıq. Bunu aradan qaldırmaq lazımdı. Komanda kollektiv şəkildə meydanda mübarizə aparmalıdı.
- Qarşıda "Bakı" ilə oyununuz var. Necə düşünürsən, bu oyunda qalib gəlib "qara zolaq"dan çıxa biləcəksiniz?
- "Bakı" çox güclü komandadır. Yeni baş məşqçiləri güclüdü. Mən deyərdim ki, son iki ilə baxanda bu il daha güclüdürlər. Bu oyuna da həmişəki kimi çox ciddi yanaşırıq. Qalib gəlmək üçün meydanda hər şey edəcəyik. Bu oyunda mütləq qələbə qazanmalıyıq. Qalib gələ bilməsək, bunun aqibəti çox pis olacaq.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi