Ramazan Abbasov: "Çempionatda zəif rəqib yoxdu"
"Rəvan"ın yarımmüdafiəçisi Ramazan Abbasovun Sportal.az-a müsahibəsi
- Son iki turdu ki, "Rəvan" baxımlı futbol oynamağa başlayıb. "Qarabağ"la oyunda da son dəqiqələrdə buraxılan qol sizi iki vacib xaldan etdi. Bu oyunla bağlı nə deyə bilərsən?
- Bu oyunda cəzalı olduğum üçün iştirak etmirdim. Komandam meydanda əzmkar mübarizə apardı. "Qarabağ" Azərbaycanın ən yaxşı klubu olmasına baxmayaraq onlara qarşı baxımlı futbol nümayiş etdirdik. Meydana yalnız 3 xal üçün çıxmışdıq. Təəssüflər olsun ki, 87-ci dəqiqə qol buraxdıq və 1 xal qazandıq. 1:1 hesabı bizim üçün də pis nəticə deyil. "Qarabağ" kimi komandadan 1 xal almaq yaxşı nəticədir. İnanıram ki, "Qarabağ"a qarşı oynadığımız futbolu başqa komandalara qarşı oynaya bilsək, yaxşı yerlərdə olacağıq.
- Ramil Əliyevin vaxtında da "Rəvan"da çıxış edirdin. Vladislav Qədirovun gəlişindən sonra isə komanda nəticələr qazanmağa başlayıb. Ramil Əliyevin vaxtında nə çatışmırdı ki, komanda belə pis nəticələr göstərirdi?
- Bu barədə heç nə deyə bilmərəm. Komandada yeni futbolçular çox idi və çempionata uğursuz start götürdük. Futbolçular arasında anlaşılmazlıq olurdu. Getdikcə isə hiss olunur ki, "Rəvan" baxımlı futbol oynayır. Belə futbol nümayiş etdirsək, yaxşı nəticələr əldə olunacaq.
- Vladislav Qədirovla münasibətlərin necədir?
- Hər şey qaydasındadır.
- Çempionatda 10 komanda mübarizə aparır və heyətlərə baxanda, bütün klublar güclüdü. Ümumiyyətlə bu mövsüm "Rəvan" nəyə ümid edir?
- Çalışırıq ki, ən yüksək yerlər uğrunda mübarizə aparaq. Bacardıqca yuxarı pillələrdə qərarlaşaq. Mən hesab edirəm ki, komandanın buna gücü çatacaq. Hər bir oyuna ciddi hazırlaşırıq. İstəyirik ki, bu mövsüm ən azından ilk 5-likdə qararlaşaq.
- Komandaya Çəmşid Məhərrəmov, Rəşad Abdullayev, Aqil Nəbiyev kimi təcrübəli futbolçular qoşulub. Səncə, bu təcrübəli futbolçuların təcrübəsi "Rəvan"a daha yaxşı nəticələrin qazanılmasında kömək edə biləcək?
- Əlbəttə, gələn futbolçular neçə illərdi Premyer Liqada oynayırlar. Təcrübəli futbolçuların hər bir komandaya ehtiyacı var və inanıram ki, bu futbolçuların bizim yaxşı çıxış etməyimizə xeyri dəyəcək.
- Növbəti oyun çətin "Qəbələ" səfəridi. "Qəbələ" də çempionata yaxşı başlayıb. Bu oyun barəsində nə deyə bilərsən? "Qarabağ"la göstərdiyiniz oyunu sərgiləyə bilsəniz, sərfəli nəticə əldə edə bilərsiniz?
- Deyərdim ki, komandam bu oyuna çox ciddi hazırlaşıb. "Qəbələ" ciddi və çətin rəqibdi. Çempionatda zəif rəqib yoxdu. Hər bir klub istənilən komandadan xal ala bilər. Biz də çalışacağıq ki, sabahkı oyunda maksimum nəticə əldə edə bilək. Biz buna inanırıq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi