Elçin Məmmədovdan AFFA-nın baş katibinə sərt ittihamlar

18:25 - 19 Sentyabr 2013

"Mən onun ittihamlarına cavab verə bilmərəm"
 
Beynəlxalq dərəcəli hakim Elçin Məmmədov FİFA dərəcəsindən imtina edib. Bu da onu futzal üzrə beynəlxalq dərəcəli oyunları idarə etməkdən məhrum edib. Bu haqda “Sportal.az” saytı xəbər verib. 
Məsələ ilə bağlı Elçin Məmmədovun özü ilə əlaqə saxladıq. Keçmiş FİFA referisi hakimlikdən imtina etmə səbəblərini AFFA-nın baş katibi Elxan Məmmədovun qeyri-qanuni əməllərində gördü: “Litvadakı turnirdən sonra getmək istəyimi PFL rəhbərliyinə bildirdim. İmtinamın səbəbi isə ölkə futbolunda baş verən qeyri-qanuni əməllərdir. Konkret olaraq Elxan Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edir, mən də bununla razı olmadığıma görə hakimlikdən birdəfəlik getmək qərarına gəldim”. 

Gedişim qanunsuzluğa etirazımdır
Keçmiş referi hesab edir ki, AFFA-nın baş katibi futbolun inkişafına dair dövlət proqramının icarsına əngəl yaradır: “ Elxan Məmmədov Nazirlər Kabinetinin çıxardığı qərarlara hörmət etmir. O, ölkə prezidentinin futbolun inkişafına dair imzaladığı dövlət proqramının müddəalarını kobud şəkildə pozur. Mənim gedişim butün bunlara etirazdır”.

AFFA-nın ittihamlara cavab verməyə vaxtı yoxdur
Elçin Məmmədovun ittihamlarına AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu cavab verməkdən imtina etdi. Federasiya rəsmisi sualı Hakimlər Komitəsinə ünvanlamağımızı istəyərək telefonu qapadı: “Mən onun ittihamlarına cavab verə bilmərəm. Siz bununla bağlı mənə yox, Hakimlər Komitəsinə müraciət edin. Mənim vaxtım yoxdur”. 

Xəbər “Axar.az”dan gəlir

Xəbər xətti