Vüqar Nadirov: "Əsas odu ki, məğlub olmadıq"
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Sportal.az-a müsahibə verib. O, müsahibəsində komandasının son iki turda xal itirməsinə, Səbayel Qurbanovanın idarəçiliyinə və sabahkı "Simurq"la oyuna münasibət bildirib.
- Ötən tur “Rəvan”la qarşılaşdınız. Amma “Qarabağ” aktivinə 3 xal yaza bilmədi...
- Bəli, xal itirdik. Bu oyunda xal itirmək istəmirdik. Çünki AZAL-la da oyunda xal itirmişdik. Amma şansları dəyərləndirə bilmədik. Elə 2-3 epizod məndə oldu. Yəni bu oyunda udmaq istəyirdik.
- İki görüşdə – həm AZAL-la, həm də “Rəvan”la oyunda xal itirdiniz. Bunu komandanın Avroliqadakı yorğunluğu ilə əlaqələndirmək olar?
- AZAL-la və “Rəvan”la oyunda xal itirməsəydik, 5 xal irəlidə olardıq. Amma qismət, neyləmək olar? Əsas odu ki, məğlub olmadıq.
- Özün də dedin ki, “Rəvan”la oyunda bir sıra qol epizodların oldu, amma istifadə edə bilmədim...
- Əlbəttə, “Rəvan”la oyunda məndə 2-3 qol epizodu oldu, başqa futbolçularda da oldu. Bəlkə 1-ci top qapıdan keçsəydi, hesabı bilmək olmazdı, oyun başqa cür ola bilərdi.
- Həmin oyunda öz potensialından aşağı çıxış etdin. Bunun səbəbi nə idi?
- Öz potensialımdan aşağı çıxış etmədim. Mənim mövqeyim hücumdu. Amma nə vaxtdandı hücumçu mövqeyində oynamıram. Sağ və sol cinahlarda oynayıram. İndi yavaş-yavaş hücumçu mövqeyində oynasam, püxtələşəcəm. Mənim üçün fərqi yoxdu. Harda gəldi oynayıram. Birdən elə olur ki, yad yerdə gedirsən. Bu da belə bir şey kimidi.
- Oyunu qadın hakim - Səbayel Qurbanova idarə etdi. Bu, Premyer Liqa tarixində bir ilk idi. Hakimlik necə idi?
- Belə pis təsir bağışlamadı. Amma səhvləri var idi. Sanki bir az da çəkinirdi. İstər-istəməz birinci oyunu idi. Biz də oyundan qabaq demişdik ki, bir-birimizi baş düşməliyik, hörmətsizlik etməməliyik.
- Səncə, qadın hakimlərin oyunları idarə etməsi mümkündürmü?
- Məncə, çətindi.
- Çempionatda 4-5 komanda liderlik uğrunda mübarizə aparır...
- Hər il getdikcə çempionat daha da maraqlı olur.
- Hansı komandanın çıxışı sənin üçün sürpriz oldu?
- AZAL yaxşı komandadı. “Qəbələ”nin də adını çəkmək olar. Yəni 3-4 klub var.
- Hər il görmüşük ki, “Neftçi”, “Qarabağ” çempionluq üçün mübarizə aparıb. Səncə, bu, bu il də təkrar olacaq?
- Kim güclüdü, mübarizə aparacaq. Hələ çempionatda zəif rəqib yoxdu.
- Bütün oyunları, Avroliqa matçları da daxil olmaqla hamısını ot örtüyündə oynamısız. “Rəvan”la süni ot örtüyündə oynadınız. Bunlar problem yaradırmı?
- Problem deyəndə ki, nə vaxtdı təbii ot örtüyündə oynayırıq. İstər-istəməz birdən dəyişib sünidə oynamaq bir az çətinlik yaradır. Amma biz çalışırıq oynayaq.
- Sabah “Simurq”la oyun var. Bu oyun haqqında nə deyərdin?
- Yaxşı komandadı. Düzdü, oyunlarına baxmamışam. Yəni zəif rəqib deyil. Bizə də 3 xal lazımdı. Xal itirməyə ixtiyarımız yoxdu.
- “Qarabağ” 3-cü dəfə xal itirsə, bu, komanda üçün necə nəticə olacaq?
- Gəlin, yaxşı tərəfin fikirləşək.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi