"Oyundan əvvəl Kamrana dedim ki, sənə qol vurmağa çalışacam" MÜSAHİBƏ

15:01 - 22 Sentyabr 2013

Ruslan Əmircanov: "Kimisə adına-sanına, soyadına baxıb milliyə çağırmaq lazım deyil"
 
"İnter"in müdafiəçisi Ruslan Əmircanov Sportal.az-a müsahibə verib. O, müsahibəsində "İnter" - "Bakı" oyunundan, komandasının hazırkı vəziyyətindən, nə üçün milli komandaya dəvət almamağından danışıb. 
 
- “Bakı” ilə oyunda 2:2 hesablı nəticəyə imza atdınız. “İnter”in bəxti nəsə son vaxtlar gətirmir. Oyunla bağlı fikirlərini öyrənmək istərdim...
- Yaxşı nəticələr əldə edə bilmirik. Bunu biz də istəməzdik. Elə oyun olur ki, yaxşı oynayırsan, amma hesabda geri qalırsan. Özümüz də çalışırıq ki, bu problemi aradan qaldıraq. Əlimizdən gələni edirik. Məhz bunun üzərində çox çalışırıq. Bu oyunda da elə ilk dəqiqələrdə qapımıza penalti təyin olundu. Hesabda geri düşdük. Sonra hesabı bərabərləşdirdik. Yenə geri düşdük. Amma komanda sona qədər öz xarakterini göstərdi, 90 dəqiqə mübarizə aparıb tarazlığı bərpa etdi. Oyun da heç-heçə yekunlaşdı. Əgər komanda qoldan sonra ruhdan düşsəydi, desəydik ki, onsuz da uduzuruq, 3-4 dəqiqə vaxt qalıb, onda məğlub olardıq. Komanda yoldaşlarım son dəqiqəyə qədər mübarizə apardılar. Çox sağ olsunlar. 
 
- Oyunda əvəzləndin. Səbəb nə idi?
- Nə bilim, heç özüm də bilmədim, niyə əvəzləndim. Gözləmirdim ki, mən əvəzlənərəm. Çünki bu oyunda başqa taktika ilə oynayırdıq. 
 
- Bəlkə məşqçi kənardan elə hiss etdi ki, yorulmusan? 
- Yox. Açığı, gözləmirdim. Oynamağa gücüm də var idi. Sadəcə olaraq məşqçi məni əvəzlədi. O, oyunu qıraqdan yaxşı görür. Mən də oyunun içindəyəm. Dəyişiklikdən küsüm, nəsə deyim, düzgün olmaz. 
 
- Səncə, “İnter”in oyunu niyə alınmır? Səbəblər nədi?
- Getmir deyəndə ki, oyunumuz gedir, qol da vururuq. Ancaq müdafiədə bir balaca səhv buraxırırq. Bunu da kiminsə, bir nəfərin üstünə yıxmaq lazım deyil. Məsələn, müdafiəçilərin səhvidi. Çünki uduzanda komanda uduzur. Burda bir ad gedir. Demirlər ki, hücumçular uddu. Komandanın uduzanda da qalib gələndə də adı gedir. Hər bir futbolçunun hardasa səhvi var ki, nəticədə komanda məğlub olur.
 
- Ən yaxın dostun Kamran Ağayevdi. Bu oyundan əvvəl onunla danışmışdın ki, biz uduzmayacağıq? Aranızda nəsə söhbət olmuşdu?
- Bəli, özünə də dedim ki, Kamran bu oyunda sənə qol vurmağa çalışacam. Ancaq elə oldu ki, əvəzləndim. Arzum ürəyimdə qaldı. Amma oyundan qabaq Kamran özü də dedi ki, sizinlə oynamaq çox çətindi. Oyundan iki gün öncə bir yerdə idik. Dedim, Kamran, sizi udacağıq, görərsiz. Amma belə qismət oldu. Oyun heç-heçə qurtardı. Son dəqiqələrdə komandanı məğlubiyyətdən xilas etdik. Komanda yoldaşlarım bunun üçün çox çalışdı.
 
- Bir xal “İnter”i ayıldacaq?
- Mənə elə gəlir ki, bu, bizim aşağıdan yuxarıya pillələrə doğru ilk addımlarımız olacaq. 
 
- Yeni gələn legionerlər komandaya uyğunlaşa bilib?
- Elə bir taktika ilə oynayırıq ki, bizim oyun stilimizə uyğun gələni, oxşayanını görmürəm. Elə futbolçular var ki, hələ bunu anlaya bilmir. Amma məşqdən-məşqə, get-getə daha da təkmilləşdiklərini görürsən. Yəni məşqçi tələb edən şeyləri yerinə yetirirlər. Yəqin ki, bu da gələcək oyunlarda öz təsirini göstərəcək. 
 
- Cari mövsümdə itirilən xallar “İnter”i mükafatçılar, iddialılar sırasından kənarda qalmasına səbəb ola bilər?
- Hər şey öz əlimizdədir. Hələ heç nə itirilməyib. Qabaqda nə qədər oyun, neçə tur var. Hamı bu oyundakı kimi son dəqiqəyə qədər mübarizə aparsa, yaxşı olar. Çünki çempionatda zəif komanda yoxdu. Oyunlara gərək ciddi hazırlaşasan və son dəqiqəyə qədər mübarizə aparasan. İndi komanda sonuncu yerlərdə gedir. Əgər bir yerdə cəm olmasaq, bir yumruq kimi birləşməsək, heç bir nəticə əldə etmək olmaz. Bir olsaq, 7-8, bəlkə də 10 turdan sonra “İnter” yenidən qalxdı. Yəni hər şey bizim əlimizdədi. Bu yuxudan ayılmalı və irəli getməliyik. 
 
- Ruslan Əmircanov həmişə “İnter”də oynayıb, amma millidən kənarda qalıb...
- Mən onu bilmirəm. Özümün də başım çıxmır. O vaxt “Neftçi”də oynayanda çağırılmırdım, ya da ehtiyat oyunçular arasında otururdum və milliyə çağırılırdım. İndi “İnter”ə keçmişəm, iki ildi burda, əsas heyətdə oynayıram, amma adım çəkilmir. Heç yoxlanış oyunlarına da dəvət almıram. Mən də bunun səbəbini bilmirəm. Deyim ki, mənim bir, ordakıların iki başı var, buna görə. Mənim mövqeyimdə oynayan futbolçulardan heç də özümü zəif saymıram. Sadəcə olaraq çağırmaq lazımdı. Məşqçinin köməkçiləri məlumat verməlidi ki, bu oynayır, bu oynamır, bu formadadı. Çünki Berti Foqts bütün oyunlara baxa bilmir. Özü Almaniyadadı. Təlim-məşqdən bir həftə, 10 gün qabaq gəlir. Onu məlumatlandıran köməkçiləridi. Onları da meydançada görürəm. Oyunları izləyirlər. Kim oynayır, kim formadadı, onları çağırmaq lazımdı. Kimisə adına-sanına, soyadına baxıb milliyə çağırmaq lazım deyil.   
 
Şahin OĞUZ 

Xəbər xətti