"Vüsal Əliyev kimi hakimlər Azərbaycan futbolundan silinməlidi"

16:03 - 23 Sentyabr 2013

Fikrət Hüseynov: "Dünən onun etdiyi "şou" bağışlanmazdı"
 
“Vüsal Əliyev bir neçə dəfə bizə qarşı belə qərarlar verib. Onun da son nöqtəsi dünənki oyunda qoyuldu”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib. AZAL - "Xəzər Lənkəran" oyununda baş verən bir neçə mübahisəli epizodlara toxunan klub rəsmisi hakimin idarəçiliyindən narazı qaldıqlarını dilə gətirib: 
 
“Tam şəkildə göründü ki, o, bizə qarşı bütün oyunu “sındırdı”. Mənim sözüm yoxdu. Vüsal Əliyev kimi hakimlər Azərbaycan futboldan getməlidi, silinməlidi. Mənə elə gəlir ki, belə hakimlik Azərbaycanda olmamalıdı. Belə hakimlik olsa, bundan sonra hər oyunda elə faciələr olacaq. Cavan hakim olsaydı, onu bağışlayardıq. Bizə deyirlər ki, bu ildən hər şey normaldı. Bu vaxta qədər biz bir dəfə də nə AFFA-ya, nə də PFL-ə hakimliklə bağlı müraciət etmişik. Udurduq da, uduzurduq da. Amma dünən Vüsal Əliyevin etdiyi “şou” bağışlanmazdı. İkinci topun düz gözünün qabağında olması bağışlanmazdı. Nildoya simulyasiyaya görə sarı vərəqə verilmir. Fitdən sonra qapıya zərbə vurur, yenə sarı vərəqə verilmir. Nəyə görə vərəqə verilmir? Yəqin əvvəlcədən bilirdi ki, vermək olmaz. İkincisi də, qırmızı vərəqə almamışdan qabaq aut atarkən Cavid Tağıyevi yerə yıxırlar. Hakim gözünün qabağında baş verən epizodda cəriməni vermir, 5 saniyə sonra Oskars Klavaya qırmızı vərəqə verilir. İndi biz hərtərəfli danışırıq. İki əlini qaldırarkən, sağ ayağını da götürərkən Nildo peşəkardı, əlbəttə, yıxılmalıdı. Həmin epizodda cərimə verə də bilərdi, verməyə də. O öz işidi". 
 
Hüseynov bu barədə narazılıqlarını protokola da qeyd etdiklərini bildirib: 
 
"Hakimliyin idarəçiliyi ilə bağlı protokola da qeyd etmişik. Biz xahiş edəcəyik ki, Vüsal Əliyev kimi hakimlər hakimlikdən mütləq uzaqlaşmalıdı. Çünki bu gün AZAL oldu, sabah isə “Bakı”, onlardan sonra “Neftçi”, “Qarabağ” və s ola bilər. Bu, hər komandanı gözləyir. Bəlkə də onun axırıncı ilidi. Bəlkə ona görə belə hakimlik etmək istəyir. Nə bilim, onun öz işidi. Amma biz onun işindən narazıyıq. Biz inkişaf etmək istəyiriksə, hər şeyimiz yaxşıdırsa, legionerlər bura gəlirlərsə, komandaları “sındırmağ”ın nə mənası var? Bir-birinin ardınca qərəzli qərarlar verir. Bizdə bundan da betəri olub. Biz yenə susmuşuq. Dünəndən indiyə qədər özümüzə gələ bilmirik. Qıraqdakılar, ordan-burdan gündə 100 dənə zəng vururlar ki, bu, nə məsələdi. Ya bizim qapımıza penalti təyin etməlisən, ya da sarı vərəqə verməlisən. Sən nə onu, nə də bunu edirsən. Bilirsiz niyə etmədi? Çünki 5 dəqiqə ondan qabaq düzgün olmayan topu qeydə aldı. O, onu bilirdi. İkinci topu sayarkən bil-bilə ki, o düzgün top deyil, 5 dəqiqə sonra o penaltini verə bilməzdi. O topu qeydə almasaydı, həmin penaltini verəcəkdi. Bu gün özümüzə görə yox, Azərbaycan futboluna görə deyirəm. Bu gün biz uduzduq, problem yoxdu. Sabah isə bir başqasının haqqı yeyiləcək. Bunu yüzdə yüz deyirəm. Bu, sabah “Qarabağ”ı da, ayrı komandaları da gözləyir. Bədbəxt edəcəyi komandalar olacaq. Yenə deyirəm səviyyə gündən-günə artır, komandalar hərtərəfli hazırlıq keçir, çempionatımıza bahalı oyunçular gəlir. Bizim heyətimizdə 7-8 legioner oynayır. Baxırlar, deməyə söz tapmırlar. Belə hakimlik 5-10 il bundan qabaq olub və qurtarıb. Onların hamısını qəbul etdik, oldu getdi. İldən-ilə inkişaf olmalı, belə şeylər qurtarmalıdı. Yavaş-yavaş belə hakimlər yox olmalıdı. Meydana çıxıb belə işlərlə məşğul olmaq lazım deyil. Bu, Azərbaycan futboluna yaraşmır, futbolumuza böyük ləkədi. Burda camaat pul xərcləyir, camaatı bura yığırıq, toqquşmalar olur. Stadionda min dənə problemlər yaranır. 3 min adam stadiona yığılır. Sən 3 min adamın qabağında belə oyunlar çıxardırsan. Söyüşlər olur, dava düşür. Bax belə şeylərə görə toqquşmalar olur. Elə insanlar hakimlik etməməlidi. Keçən oyunda “İnter” – “Bakı” matçında Fariz Yusifov üstünə götürür, yan xətt hakimi isə 30 saniyə bayrağı saxlayır. Amma ona baxmayaraq 86-cı dəqiqədə Yusifov o topu qeydə aldı və düz etdi. Amma burda sabah ondan soruşsan, deyəcək ki, yan xətt hakimi günahkardı, cəzalanmalıdı”. 

Xəbər xətti