Elvin Yunuszadə: "Onlarla bütün oyunlarımız gərgin keçir"
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin Sportal.az-a müsahibəsi
- "Sumqayıt"la oyunda meydanda olmasan da, komandan qalib gələ bilmədi. Səncə, niyə qalib gələ bilmədiniz?
- Həmin oyunda "Neftçi"nin bəxti gətirmədi. Bir neçə qol vəziyyətindən yararlana bilmədik.
- Futbol mütəxəssisləri bildirir ki, Boyükağa Hacıyevin gedişinden sonra "Neftçi" baxımsız futbol oynamağa başlayıb...
- Böyükağa Hacıyev "Neftçi" üçün çox şey edib, amma bu gün Tərlan Əhmədovun əziyyəti göz qabağındadır. Biz bu il də çempionluğa oynayırıq. Biz keçən mövsüm də başlayanda ilk turlarda 2-3-cü yerlərdə qərarlaşmışdıq, amma sonradan ilk pilləyə qalxdıq və çempion olduq.
- Meydana zədəli olduğun üçün çıxmırdın?
- Hər şey qaydasındadır. Universitet məsələləri ilə əlaqədar məşqləri buraxmışdım, amma hər şey qaydasına düşüb.
- Növbəti turlarda biz səni meydanda görə biləcəyik?
- Baş məşqçi şans versə, çıxıb sona kimi mübarizə aparacam. Özümü futbol oynamaq üçün tam hazır hiss edirəm.
- "Neftçi" "Sumqayıt"la oyunda bir neçə real qol vəziyyətini boşa verdi. Oyunda son nöqtəni qoymaq problem idi? Yeni gələn futbolçular Kanalesi layiqincə əvəzləyə bilmirlər? Məsələn, Melvin Platye çempionat başlayandan yalnız bir dəfə penaltidən fərqlənə bilib...
- Platye yaxşı futbolçudu, onun yaxşı xüsusiyyətləri var, amma bəxti gətirmir. İnanıram ki, hər şey növbəti turlarda qaydasına düşəcək.
- Qarşıda "Qarabağ"la çətin oyun var. Ötən mövsümdən artıq siz də prinsipial rəqibə çevrilmisiniz. Bu oyundan nə gözləyirsən?
- "Qarabağ" yaxşı komandadır. Onlarla bütün oyunlarımız gərgin keçir, amma əlimizdən gələni edəcəyik ki, bu oyunda qalib biz olaq.
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi