Con Toşak "İnter"lə oyundan danışdı

23:04 - 25 Sentyabr 2013

"Xəzər Lənkəran" növbəti məşqinə çıxıb
 
Premyer Liqanın VIII turu çərçivəsində sentyabrın 27-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.
 
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün iki dəfə məşq edib. 

Saat 10:30-da ehtiyat meydançada səhər məşqinə çıxan komanda fiziki və taktiki hazırlıq üzrə bir saatdan çox çalışıb. Saat 18:00-da başlayan axşam məşqi isə stadionun əsas meydançasında keçirilib və saatyarımlıq taktiki çalışmalardan ibarət olub. 

Hazırlıq prosesi bitəndən sonra baş məşqçi Con Toşak başına topladığı futbolçularla qısa söhbət edib. Uelsli çalışdırıcı “İnter”lə oyunun əhəmiyyətindən danışaraq qara zolaqdan çıxmış komandanın bundan sonra uğurları sıralamağa borclu olduğunu dilə gətirib: “Doğma azarkeşlərimiz önündə yüksək səviyyədə çıxış etməliyik. Artıq geriyə yol yoxdur, uğursuzluqlar arxada qaldı. Bundan sonra ancaq qələbələri sıralamalıyıq. “İnter”lə oyunda qazanılacaq qələbə bizim üçün çox əhəmiyyətlidir. Özünüzə inanaraq sona qədər meydanın hər qarışı üçün döyüşün və sonda meydanı qalib kimi tərk edin!”

Mənbə: 12cioyuncu.info
 

Xəbər xətti