Con Toşak: "Bəxt tamamilə "Xəzər Lənkəran"dan üz döndərmişdi"

13:10 - 26 Sentyabr 2013

"Qaranquş səmada görünürsə düşünmə ki, artıq yaz gəlib"
 
“Xəzər Lənkəran"ın baş məşqçisi Con Bencamin Toşak sabah keçiriləcək “Xəzər Lənkəran” - “İnter” oyunuöncəsi klubun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında geridə qalan 6 tura toxunub və əsasən azarkeşlərə çağırış edib:
 
“Sabah “Xəzər Lənkəran” üçün çox vacib bir oyundur. Belə vacib matçdan öncə azarkeşlərimizlə bəzi məsələləri paylaşmaq yerinə düşər. Son iki turda çox gözəl və vacib qələbələr qazandıq. Bu qələbələri qazanmaqla komandamız özünəinamını da geri qaytardı. Mən bir daha vurğulmaq istəyirəm ki, əslində biz bundan öncəki matçlarda da pis təsir bağışlamamışdıq. Lakin bəxt tamamilə “Xəzər Lənkəran”dan üz döndərmişdi. Son oyunda Nildonun iki qol vurması məni çox sevindirir. Bu qollarda azarkeşlərimizin rolu böyükdür. Çünki, Nildo son oyunlarda fərqlənə bilməməsinə rəğmən “Bakı” ilə ev matçımızda azarkeşlər onu elə dəstəklədilər ki, hətta mən özüm belə təsirləndim. Bu “Xəzər Lənkəran” azarkeşinin böyüklüyünü göstərir. Biz hələ çox iş görməmişik. Çalışmalıyıq və durmadan nöqsanlarımızı aradan qaldırmaqla güclü bir komanda yaratmalıyıq. Mənim vətənimdə belə bir xalq misalı var- “Qaranquş səmada görünürsə düşünmə ki, artıq yaz gəlib. Ona görə də indidən hisslərə qapılmaq olmaz. Sabah “Xəzər Lənkəran” çox güclü bir komanda ilə oynayacaq və bu oyun bizim üçün çox əhəmiyyətlidir. Buna görə də bütün “Xəzər Lənkəran” azarkeşlərinə səslənirəm - Sizi tribunada görmək istəyirik. Dəstəyinizi bizdən əsirgəməyin!”

Xəbər xətti