"Bakı" və "Lans" klubları arasında əməkdaşlıq sazişi imzalandı

11:57 - 27 Sentyabr 2013

Fransa futbolunun ulduz futbolçuları da tədbirdə iştirak etdi
 
“Bakı” və “Lans” arasında işbirliyi yeni müstəviyə qədəm qoymaqdadır.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu işlərin məntiqi davamı olaraq bu gün Parisdə klublar arasında əməkdaşlıq sazişi imzalanıb. 
 
Fransanın paytaxtında keçirilən ənənəvi beynəlxalq turizm sərgisində Azərbaycanın idman sektorunu təmsil edən klubun "Lans"la əməkdaşlıq müqaviləsinin imza törəninin, məhz, bu məkanda baş tutması da təsadüfi deyil. Tədbiri Azərbaycanın Fransadakı səfirinin müşaviri Elmar Məmmədov açıb. Cənab Məmmədov Azərbaycan və Fransanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirərək, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyət daşıdığını ifadə etdi. "Bakı" futbol klubunun bu baxımdan önəmli müqavilə imzalamasını yüksək dəyərləndirən diplomat əməkdaşlığın xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcəyini bildirdi. Ardından söz alan “Bakı” futbol klubunun icraçı-direktoru Yaşar Seyidov azərbaycanlı yeniyetmə futbolçuların Fransada çıxışının ölkə üçün xüsusi önəmini və gələcəkdə onların müxtəlif yaş qruplarından ibarət yığmaya da fayda verəcəyini diqqətə çatdırdı.
 
“Lans” klubunun prezidenti Jerve Martel çıxışı zamanı bu yöndə “Bakı"ya dəstək veriləcəyini və bunun hər iki ölkə futbolu üçün vacibliyini vurğuladı. Həmçinin, o, bu günlərdə UEFA prezidenti Mişel Platininin Bakıya səfərinə diqqət ayıraraq Azərbaycanda futbolun inkişafına ciddi önəm verildiyini ifadə etdi. Daha sonra "Bakı" və "Lans" klubları arasında əməkdaşlıq sazişinin imzalandı. Sonda klub rəsmiləri və futbolçular xatirə şəkli çəkdirdi. 
 
Sonda onu da əlavə edək ki, təntənəli imzaetmə mərasimində Fransa futbolunun ulduz futbolçuları Jan Pyer-Papen, Olivye Dakurla yanaşı veteran futbolçumuz, olimpiya çempionu İqor Ponomoryov da iştirak edib. 

Xəbər xətti