"Azərbaycan Land of Fire" reklamı ilə çıxış etməkdən qürur duyuruq"

12:14 - 27 Sentyabr 2013

Jerve Martel: "Əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq"
 
Dünən Parisdə keçirilən ənənəvi turizm sərgisinin məkanı olan "Top Resa" sərgi salonunda baş tutan imzalanma mərasimindən sonra mətbuat konfransı təşkil edildi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Lans ” futbol klubunun prezidenti Jerve Martel və ”Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidovun qatıldığı konfransda müqaviləninin detallarını və əhəmiyyətini əks etdirən məqamlar açıqlandı. Klub rəsmiləri salona toplaşan çoxsaylı media nümayəndələrinin suallarını cavablandırdılar. Xüsusən də, cənab Jerve Martelin fikirləri böyük marağa səbəb oldu. 
 
“İlk olaraq cənab Hafiz Məmmədova təşəkkürümü bildirmək istəyirəm. Hafiz müəllim bizim klubumuzun xilaskarıdır.  O, çətin durumda olan “Lans”a dəstək verməklə 100-dən artıq yaşı olan klubumuza ikinci nəfəs verdi. Biz bunun məsuliyyətini dərk edirik. Komandamız Fransa 1-ci liqasına vəsiqə uğrunda mübarizə aparır və mən sizə söz verirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələciyik. 
 
Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Fransa və Azərbaycan müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Biz Azərbaycanın sürətli inkişafının şahidiyik. Ölkəniz qısa müddət ərzində böyük yol qət edib. Vurğulamaq istəyirəm ki, Azərbaycan idmana böyük diqqət ayrılan lider ölkələrdən biridir. Təsadüfi deyil ki, bu maraq ölkə sərhədlərini aşaraq Fransaya qədər uzanıb. Biz “Azərbaycan Land of Fire” titullu reklamı ilə çıxış etməkdən qürur duyuruq.  Azərbaycana etdiyim səfərlər nəticəsində formalaşan fikirlərimə görə bu ölkənin parlaq gələcəyi var. 
 
Bu ölkənin Hafiz Məmmədov kimi fədakar insanları var. İnanıram ki, əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq. Azərbaycan futbolunun inkişafına öz təhfəmizi vermək istəyirik. Arzu edərdim ki, yaxın zamanlarda “Lans”da azərbaycanlı futbolçuların çıxışlarını izləyək. Bunun üçün bütün zəruri şəraiti yaratmağa hazırıq. Lans Fransanın ən gənc şəhərlərindən biridir. Nor-Pa-De-Kale əyalətinin 4 milyon əhaliyə malik əhalisi “Lans” futbol klubu ilə nəfəs alır.  Sonda bir daha cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm ki, “Lans”a dəstək verməklə, həm klubun ənənələrini yaşadır, həm də Azərbaycan futbolunun inkişafına yönəlmiş fəaliyyətində aparıcı ölkələrin təcrübəsindən yararlanaraq öz xalqına xidmət etmiş olur". 

Xəbər xətti