Emin Süel: "Qarabağ"ın oyun sistemi milli üçün ən uyğun üslubdur"

22:27 - 29 Sentyabr 2013

"Sistem düzgün qurulandan sonra əhali sayının az olması əngəl deyil"

 

Futbol getdikcə dəyişir və dəyişdikcə də elm onun tərkib hissəsinə çevrilir. Əgər 10-15 il bundan qabaq futbolçular 90 dəqiqə ərzində orta hesabla 5-6 km qaçırdılarsa, indi bu rəqəm 10-12 km arasında dəyişir. Bütün bunlarda futbolçuların fiziki imkanlarının düzgün dəyərləndirilməsi, vitaminləşmə və aparılan araşdırmalardan sonra çatışmayan cəhətlərin aradan qaldırılması istiqamətində görülən işlər vacib yer tutur.

 

Azərbaycan klubları da bu istiqamətdə tələb olunan prosedurları həyata keçirirlər.  “Qarabağ” son illər mütəmadi olaraq laktat testləri vasitəsilə futbolçularının durumunu öyrənir. Son bir neçə gün ərzində Türkiyənin Aksaray Universitetindən gəlmiş qrup tərəfindən növbəti belə testlər götürülüb. Qrupun rəhbəri Emin Süel görülən işlərlə bağlı sportal.az saytına müsahibə verib.

 

Gənc futbolçular testlərdə necə təsir bağışlayırlar?

Artıq bir neçə gündür ki, Azərbaycandayıq. Xüsusi testlər vasitəsilə “Qarabağ”ın aşağı yaş qrupları üzrə futbolçularının fiziki imkanlarını müəyyənləşdirəcəyik. Futbolçuların hansı komponentlərdə axsadıqları barədə məşqçilərə nəticələr veriləcək ki, çalışdırıcılar bu testlər əsasında məşqlər zamanı uşaqların həmin keyfiyyətlərini artırmağa çalışsınlar. Maraqlı odur ki, uşaqlar bəzi cəhətlərdə çox üstündürlər, bəzilərində isə çox geri qalırlar. Xüsusilə futbolçularda elastiklik çatışmır. “Qarabağ”ın məşqçiləri bu baxımdan çox iş görməlidirlər.

 

Azərbaycanlı və türkiyəli uşaqları müqayisə etsək, fərq böyükdürmü?

Aşağı yaş qruplarında səviyyə demək olar ki, yaxındır. Ancaq Türkiyədə fərq odur ki, məşq zamanı uşaqlarla fərdi şəkildə daha çox çalışırlar. Fiziki baxımdan buradakı uşaqlar bizimkilərdən o qədər də geri qalmırlar, ancaq elsatiklik baxımından türk uşaqlar xeyli üstündülər. Futbolda isə elastiklik çox vacibdir. Çünki futbolçu nə qədər elastikdirsə, onun zədə alma ehtimalı bir o qədər azdır.

 

Artıq uzun müddətdir ki, “Qarabağ”da analoji testlər həyata keçirsiz. Buranın futbol akademiyasında görülən işləri necə qiymətləndirirsiz?

Məni sevindirən odur ki, “Qarabağ” klubu bu işin elmi tərəfini həmişə vacib hesab edir. Bu baxımdan təbii ki, futbol akademiyasında görülən işlər öz bəhrəsini verəcək. Ancaq daha sürətli inkişaf üçün yaxşı meydançalar və yaxşı infrastruktur olmalıdır. Əminəm ki, zamanla “Qarabağ” bu sahədə də irəli gedəcək.

 

Ümumiyyətlə kənardan Azərbaycan futbolu necə görünür?

Sizdə irəliləyiş hiss olunur, Türkiyə futbolunda isə əksinə eniş var. Bildiyimə görə, bəzi iddialı klublarınız əsas heyətdə 21 yaşa qədər futbolçunun oynamasına isti yanaşmır. Ancaq mən düşünürəm ki, bir neçə il sonra Azərbaycan futbolu bunun bəhrəsini görəcək. Türkiyədə isə gənc futbolçuların oynamaq şansı daha azdır, ona görə də geriləmə yaşanır.

 

Bəzən futbolumuzun inkişafının ləngimə səbəbini əhali sayı ilə bağlayırlar. Deyirlər ki, 76 milyon əhalisi olan Türkiyə ilə 9 milyon əhalisi olan Azərbaycanı müqayisə etmək düzgün deyil. Yəni, seçim azdır. Ancaq digər tərəfdən baxanda Portuqaliya, Belçika kimi futbol ölkələrində əhali sayı bizə yaxındır. Sizcə, kəmiyyətin keyfiyyətə təsiri bu qədər böyükdürmü?

Bu bir sistem işidir. Sistem düzgün qurulandan sonra əhali sayının az olması əngəl deyil. Hollandiya kiçik ölkə olsa da, “Ayaks”ın akademiyası dünyada bir nömrə hesab olunur. Çünki aşağıdan yuxarıya eyni sistem tətbiq olunur. “Barselona”da da eyni işlər görülür və nəticə göz qabağındadır. Misal üçün, Türkiyənin dünya üçüncüsü olan U-17-nin heyətindən əsas komandaya heç kim çıxa bilmədi. Hollandiya və Brazilya kimi ölkələrdə isə gənclər arasında çempion olan heyətin 7-8 oyunçusu sonradan əsas millidə çıxış etməyə başladılar. Buna ən parlaq nümunə Neymardır. Sistem yanlış qurularsa, əhali sayının çox olmasının heç bir anlamı olmaz.

 

Azərbaycan milli komandaları alman sistemi ilə çalışırlar. Bunu nə dərəcə düzgün hesab edirsiniz?

Hər bir ölkə ilk növbədə özünə xas sistem yaratmağa çalışmalıdır. Hansısa başqa ölkənin sistemini tətbiq etdikdə xeyli araşdırmalar aparılmalıdır. Burada bioloji oxşarlıqdan tutmuş, bacardığınız oyun üslubuna qədər hər şey xüsusi önəm daşıyır. Adi gözlə baxanda da görərsiz ki, almanların fiziki imkanları ilə Azərbaycan insanının göstəriciləri xeyli fərqlidir. Mən son illər həm “Qarabağ”ın, həm də Azərbaycan millisinin çox oyunlarına baxmışam. Sizə deyim ki, “Qarabağ”ın oyun sistemi milli üçün ən uyğun üslubdur. Çünki sizin futbolçular güc futbolu ilə müqayisədə topla oynamağı daha yaxşı bcarırlar.

Xəbər xətti