"Xəzər Lənkəran"ın uğursuz çıxşında özümü də günahkar sayıram"

14:44 - 1 Oktyabr 2013

Elnur Allahverdiyev: "Bu dəyişiklik mənə də lazım idi"
 
"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev Sportal.az saytına müsahibə verib. Futbolçu yeni komandasından və sabiq klubunun çıxışından danışıb.
 
- “Qəbələ” “Simurq”a qalib gələ bilmədi. Hətta rəqibiniz 10 nəfərlə qalsa da, qol vura bilmədiniz...
- Biz yaxşı oyun göstərdik. Düzdü qol vura bilmədik, qalib gələ bilmədik. Amma ümumilikdə oyunda üstün idik. Sadəcə hücumda hardasa oyunumuz alınmadı. Biz bundan dərs götürməliyik. Çünki qarşıda daha çətin oyunlar var. 
 
- 8-ci turda həm “Neftçi”, həm də “Qarabağ” xal itirmişdi. “Qəbələ” “Simurq”la oyunda 3 xal qazansaydı, bunu komanda üçün üstünlük saymaq olardımı?
- Çox yaxşı olardı. Biz də istəyirdik ki, “Simurq”la oyunda 3 xal qazanaq. Amma alınmadı. 3 xal irəlidə olsaydıq, digər komandalardan bu bizim üçün daha yaxşı üstünlük olacaqdı. Yəni arxayınlaşmaq baxımından deyil, amma üstünlüyümüz 3 xal olsaydı, bu bizə əlavə stimul verəcəkdi. 3 xalı qazana bilməsək də, bu o demək deyil ki, biz ruhdan düşməliyik. Daha da yaxşı hazırlaşıb iddiamızı ortaya qoymalıyıq.
 
- Artıq “Qəbələ”nin heyətində meydanda çıxırsan. Özünü yeni komandadan necə hiss edirsən?
- Çox yaxşı hiss edirəm. Həqiqətən bura uyğunlaşmışam. “Qəbələ” iddialı və güclü komandadır. Heyətdə yaxşı futbolçular var. İnanıram ki, biz bu mövsüm uğur qazanacağıq. Hələ qarşıda yaxşı oyunlar gözləyir bizi. Özümü burda yenidən sübut etməyə çalışacağam.
 
- Bəlkə sənə özünü sübut etmək üçün yeni nəfəs, yeni komanda lazım idi?
- Bir tərəfdən düşünürəm ki, yaxşı oldu “Qəbələ”yə gəldim. Mənə elə gəlir ki, burda pis alınmır. 4 il “Xəzər Lənkəran”da oynadım. Orda bir az sıxılırdım. Həmişə adam rayonda qalırdı. Yorğunlu olurdu. Komandamı dəyişməyin mənə xeyri oldu. Düzdü, kim istəyərdi ki, belə alınsın. Amma qismətdir. Belə olmağı da mənim xeyrimə oldu. 
 
- Qarşıda “Neftçi” ilə oyun var...
- “Neftçi” həmişə çempionatda lider komanda olub. Onlarla oyunlar çətin keçir. Amma unutmayaq ki, “Qəbələ”də güclüdür. Çətin olacaq, amma doğma meydanda oynayırıq və qalib gəlməyə çalışacağıq.
 
- “Qəbələ” və “Neftçi” arasındakı oyunlarda gərginlik olur. Bunu ötən mövsüm də gördük. Bu gərginliyin bu oyunda da davam edəcəyini əvvəlcədən deməkm olarmı?
- Əlbəttə, gərginlik olacaq. Çünki iki iddialı komanda oynayır. “Neftçi”yə qarşı çox ciddi hazırlaşırıq. Öz azarkeşlərimizin qarşısında borcumuzu yerinə yetirib, onlara qalib gəlməyə çalışacağıq.
 
- Sabiq komandan “Xəzər Lənkəran” “İnter”ə doğma meydanda uduzdu. Lənkəran klubunun heyətində bu mövsüm 5 oyunda meydana çıxdın. Ümumiyyətlə niyə onlar 8 tura 9 xal toplayıb?
- Bilmirəm, bu futboldur. “Xəzər Lənkəran” həmişə iddialı olub. Bunu demişəm və yenə deyəcəm. Onları heç zaman çempionluq yarışından silmək olmaz. İnanıram ki, özlərinə gəlib yaxşı oyunlar göstərəcəklər. Onlara uğur arzu edirəm. Ümid ediəm ki, bu “qara zolaq”dan tez çıxacaqlar. 
 
- Səncə, onların bu çıxışı gözlənilməz deyildimi?
- Düzdü, onların bu çıxışı gözlənilməzdir. Biz bütün çempionatlarda iddialı olmuşuq. Lənkərana kubok aparmışıq. Onlara görə pis oluram. Hardasa özümü də günahkar sayıram. Ən azı 5 tur oynamışam. Onlar uğur qazansa, buna ancaq sevinərəm. Mən karyeramın ən yaxşı illərini orada keçirmişəm. Ona görə də uğurlar arzu edirəm “Xəzər Lənkəran”a.
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti