Erməni olduğu deyilən futbolçu:"Azərbaycan yazısı olan formanı daşımaqdan qürur duyuram" VİDEO

12:26 - 5 Oktyabr 2013

Baptistao azərbaycanca danışdı
 
 
"Atletiko" Madrid klubunun futbolçusu Leo Baptistao azərbaycanlılara video ismarıc göndərib.
 
Sportal.az xəbər verir ki, ulduz futbolçu video müraciətinə "Salam Azərbaycan" sözləri ilə başlayıb. 
 
"Mən "Atletiko" Madridin futbolçusu Leo Baptistaoyam. Mən üzərində Azərbaycanın rəmzi olan bu köynəyi daşımaqdan çox böyük qürur duyuram", - əlavə edib. 
 
Video çarxda "Atletiko" Madridin türk əsilli futbolçusu Arda Turan da çəkilib. Onların hər ikisi köynəyə öz imzalarını atıblar.
 
Qeyd edək ki, sentyabrın 18-də Çempionlar Liqasında "Atletiko" Madrid klubunun "Zenit"ə qarşı oyununa çıxan Leo Baptistao "Land of Fire Azerbaijan" yazılan formanı geyinməyərək, sahəyə reklamsız futbolka ilə çıxıb. 80-ci dəqiqədə Baptistao "Zenit"in qapısından 3-cü topu keçirib. Sonradan "Atletiko" (Madrid) klubu "Land of fire Azerbaijan" forması ilə bağlı yaranmış anlaşılmazlığa görə Azərbaycandan üzr istəyib. 
 
Oyunu şərh edən məşhur rusiyalı idman şərhçisi, NTV Plus kanalının baş redaktoru Vasili Utkin Leo Baptistaonun “Azerbaijan land of fire” yazılı formasını geyinməməsi barədə suala: "Ona görə ki, o ermənidir", - cavabını verib. Utkinin çox zarafatcıl olduğunu bütün futbol azarkeşləri yaxşı bilirlər və onun kəlmələrini hamı bir zarafat kimi qəbul etməliydi.
 
Qalmaqalı sevən bəzi media qurumları bu zarafatdan da xal qazanmaq istədilər. Onlar üçün Baptistaonun “Azerbaijan land of fire” yazılı futbolkada olduğu şəkilləri təqdim edirik. 
 

Xəbər xətti